21 Mart 2015 14:59
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bu il keçiriləcək parlament seçkiləri ilə bağlı təmsil olunduğu partiyanın hazırlıq prosesindən danışıb.

"Seçkilər bizim üçün göydəndüşmə deyil"

O deyib ki, parlament seçkiləri ilə bağlı partiyada hazırlığa başlanmayıb. M.Rəhimli qeyd edib ki, namizədlər hələ müəyyənləşdirilməyib: "Əslində, partiyanın fəaliyyəti həmişə seçkilərə hazırlaşmağa yönəlib. Seçkilər bizim üçün yeni və göydəndüşmə deyil. Ona görə də partiyamızda seçkilərlə bağlı ardıcıl hazırlıq var. Sadəcə olaraq, hansı dairələrdə iştirak edəcəyimiz və formatla bağlı məsələlər hələlik açıq qalır. Fikrimcə, namizədlərin dəqiqləşməsi son ana qədər gedib çıxacaq. Siyasi proseslər həmişə dinamikdir. Parlament seçkiləri həm də bölgədə cərəyan edən hadisələrdən asılı olacaq. Qərar versək ki, gücümüzü paytaxta verib, yalnız Bakıda fəal seçki prosesinə qoşulacağıq, sonra məlum olsa, Azərbaycanın digər bölgəsində daha yaxşı iş aparmaq mümkün idi, bu zaman uduzmuş olardıq. Ona görə hesab edirik ki, bir az gözləmək lazımdır".

Sədr müavinin sözlərinə görə, partiyada seçkilərə qatılmaq istəyən namizədlər var: "İndiyədək ən azı 25 potensial namizədlə seçkilərdə iştirak etmişik. Hesab edirəm ki, bu il namizədlərimiz daha çox olacaq".

İlyas İsmayılov deputatlığa namizəd olacaq?

O, partiya sədri İlyas İsmayılovun seçkilərə qoşulub-qoşulmayağına da aydınlıq gətirib: "Bununla bağlı hələlik heç nə deyə bilmərəm. Amma düşünürəm ki, İlyas müəllim deputatlığa kifayət qədər layiqli şəxsdir. Onun parlamentdə olması təkcə Ədalət Partiyasının uduşu deyil, həm də bütövlükdə Azərbaycan üçün qazancdır. Hüquq elmləri doktoru, uzun müddət hüquq orqanlarında rəhbər vəzifələrdə işləmiş bir şəxsin parlamentdə olması ümumilikdə Azərbaycan millətinin maraqları naminədir. İlyas müəllim yenidən parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə hələlik heç nə deməyib".

M.Rəhimli öz namizədliyini irəli sürəcəyini qeyd edib.

"Vətən" bloku 1 aya qərarını açıqlayacaq

M.Rəhimli təmsil olunduqları "Vətən" blokunun fəaliyyətindən də danışıb: "Bu blok uzunmüddətli strateji layihələrə yönələn blokdur. Blokun parlament seçkilərində münasibətinin formalaşması zəruridir. Yaxın 1 ay müddətində "Vətən" blokunda təmsil olunan partiyalar seçkilərdə iştirak forması həll edəcək. Ondan sonra deyə bilərik ki, partiyamız seçkilərə blok şəklində qatılacaq, yoxsa təkbaşına iştirak edəcəyik".

"Azadlıq-2015"ə qoşulmaq niyyətimiz yoxdur"

Sədr müavini bir qrup müxalif partiyanın yaratdığı "Azadlıq-2015" blokuna da münasibət bildirib: "Oradakı siyasi partiyaların bir çoxu ilə tanışıq. Biz onlara yalnız uğurlar arzulayırıq və bu bloka qoşulmaq niyyətimiz yoxdur".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər