Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədri Yusif Bağırzadə, baş katibi Arzuxan Əlizadə və beynəlxalq əlaqələr katibi Elşən Mustafayev Avropa Xalq Partiyası (EPP) rəhbərliyinin dəvəti ilə 22-28 mart tarixlərində Brüsseldə işgüzar səfərdə olub.
AMİP-in mətbuat və informasiya xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfərin ilk günü AMİP rəsmiləri AXP Baş Qərargahında partiyanın prezidenti Jozef Doulla, növbəti gün isə AXP baş katibi Antonio Lopez-İsturislə görüşüblər. Görüşlərdə AXP baş katibinin müavini Kristian Kremer, xarici əlaqələr katibi Patrik Voller, siyasi məsələlər üzrə müşaviri xanım Qalina Fomençenko və AXP rəhbərliyində təmsil olunan digər şəxslər iştirak ediblər. İkitərəfli görüşlər zamanı 7 ildən artıq tarixi olan AMİP-AXP münasibətləri yüksək qiymətləndirilib və bu münasibətlərin inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulanmaqla AMİP-in AXP-yə üzvlük məsələsi və digər ikitərəfli maraq daşıyan məsələlər müzakirə olunub.
Səfər çərçivəsində AMİP rəsmiləri Avropa Parlamentində olub, burada Avropa Xalq Partiyası qrupunu təmsil edən parlamentarilərlə, Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmarkla, AP-nin Xorvatiyadan olan üzvü Andrej Plenkoviçlə, AP-nin Rumıniyadan olan üzvü, AXP Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti Cristian Dan Preda ilə və digər AP üzvləri ilə ikitərəfli görüşlər keçiriblər.
AMİP nümayəndə heyəti Brüssel səfəri zamanı Vilfrid Martins adına Avropa Araşdırmalar Mərkəzinin direktoru Tomi Huhtanenlə, Avropa İttifaqı Qonşuluq və Genişləndirmə siyasəti komissarı Johannes Hahnın müşaviri xanım Hanna Jahnsla, Avropa Parlamentinin Şərq Tərəfdaşlığı Təşkilatının Xarici Əlaqələr Komitəsində Azərbaycan, Ermənistan və Belorus üzrə Qrup rəhbəri Chris Kendalla da görüşlər keçirib.
Keçirilən bütün görüşlərdə Avropa-Azərbaycan münasibətləri, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalının törətdiyi fəsadlar, Azərbaycanda insan haqları, KİV və sərbəst toplaşma azadlığı ilə əlaqədar mövcud durum, karbohidrogen ehtiyatları və enerji daşıyıcıları ilə əlaqədar Azərbaycanın yürütdüyü siyasət, eləcə də regiondakı hazırkı vəziyyət və digər məsələlər müzakirə olunub. Görüşlərdə iştirak edən Avropa siyasətçiləri Azərbaycanı Avropanın bir hissəsi kimi qəbul etdiklərini, bu istiqmətdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, AMİP-in bu yöndə fəaliyyətini yüksək qiymətləndiriblər.
BƏXTİYAR