Razi Nurullayev: “Onların günahı fərqli düşünməkləridir”
“Tənqidə dözümsüzlük, başqa fikir və düşüncəni boğmaq cəhdi AXCP-də güclənməkdədir. Bu hərəkət bütün müxalif fikir üçün təhlükəlidir. Fərqli düşünənləri partiyadan uzaqlaşdırmaq öz kreslosunu bütləşdirmək anlamına gəlir. Xəbər var ki, partiyadan bir neçə gənci uzaqlaşdırıblar. Siyahıda bir neçə gənc də var. O gənclər ki, rəhbərliyi tənqid etməyə və hesabatlılıq tələb etməyə cəsarət ediblər. Onların günahı fərqli düşünməkləridir”.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkələrdə AXCP sədrinin sabiq müavini, partiyadan istefa verən Razi Nurullayev bildirib. Onun sözlərinə görə, müxalifət olaraq hakimiyyət uğrunda mübarizə aparılmalıdır: “Ölkədə demokratiyanın qurulması üçün demokratik nümunəni özümüzdən başlamalıyıq. Məgər bizim müxalifət olaraq mübarizəmiz fərdlərin kreslosunu bütləşdirməkdirmi? Niyə AXCP sədri və onun orbitinə daxil olan rəhbərlik üzvləri tənqid oluna bilməz? Onlar bütləşibmi? Bəlkə elə xidmətləri və elə müqəddəslikləri var ki, biz bilmirik? Bu gün bizi yaradan Böyük Allahı belə tənqid edənlər var. Onun göndərdiyi müqəddəs Qurani-Kərimə belə tənqidi münasibət var. AXCP və onun rəhbərliyi niyə tənqid oluna bilməz?”.
Razi Nurullayev hesab edir ki, cəbhəçilər ruhlarını azad etmək üçün gərək dərindən düşünsünlər: “Yeni nəfəsə, yeni ideyalara və səmimi siyasətə ehtiyac var. Heç kim büt deyil. Elə bir yol seçək ki, mübarizəmiz nəticə versin”.
Cavidan