2 Aprel 2015 12:52
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2015-ci il parlament seçkilərində təkbaşına iştiraka üstünlük verir.

Bu barədə partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib. Onun sözlərinə görə, partiyada hazırda namizədlərin müəyyənləşməsi prosesi ilə məşğuldurlar: "AMİP 2015-ci il parlament seçkilərində birmənalı şəkildə iştirak edəcək. Böyük ehtimalla tək qatılacağıq. Situasiyadan asılı olaraq digər formatlarda da seçkilərdə iştirak ehtimalı ola bilər. Amma bu günə elə bir format görmürük. Bu ayın ortasında partiyanın Mərkəzi Şurasının iclasında seçkidə iştirak forması yenidən müzakirə ediləcək".


"Ötən seçkidə AMİP təkbaşına 70 namizədlə iştirak edirdi"

Onun fikrincə, hansısa partiya seçkidə iştirak etmirsə, onun fəaliyyəti sıfıra bərabər olur: "Azərbaycanda aktivliyi daha da artıran seçkilərdən biri parlament seçkiləridir. Hər bir partiya öz komandası ilə seçki kampaniyasına qoşulur. 2010-cu il parlament seçkilərində AMİP təkbaşına 70 namizədlə iştirak edirdi. Bu, hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci nəticə idi. Söhbət bloklardan getmir. Partiya olaraq biz 70 nəfərlə seçki kampaniyasına qatılmışdıq".

AMİP "Azadlıq-2015" blokuna qoşulmayacaq

E.Mustafayev AMİP-in "Azadlıq-2015" seçki blokuna qatılmasının mümkünlüyünə də toxunub: "Biz hər kəsə uğur arzulayırıq. AMİP bu bloka qoşulmağı düşünmür. Çünki "Azadlıq-2015 blokunun nə dərəcədə uğur gətirib-gətirməyəcəyi bizə aydın deyil. Seçkilərə hansı formatda qoşulmağından asılı olmayaraq, digər partiyalarla seçki prosesində müşahidə, hətta bəzi məqamlarda namizədlərin razılaşdırılması ilə bağlı əməkdaşlıq etməyə hazırıq. Uyğun bildiyimiz partiyalarla əməkdaşlıq edə bilərik".

Etibar Məmmədov deputatlığa namizəd olacaq?

O, AMİP lideri Etibar Məmmədovun seçkilərdə namizəd olub-olmayacağı ehtimalına da aydınlıq gətirib: "Bununla bağlı heç nə deyə bilmərəm. Çünki deputatlığa namizəd olmaq hər bir insanın şəxsi qərarından asılı məsələdir. Bu, artıq Etibar bəyin verəcəyi qərar olacaq. Özü mediaya açıqlamasında bəyan edib ki, hələ ki bu barədə düşünmür. Bütün hallarda qərarı namizədin özü verir. Amma partiya sədri, baş katibi, Siyasi Şura, Mərkəzi Şuranın üzvləri, rayon təşkilatının sədrləri namizəd olmaq niyyətindədirlər".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər