"İran anlaşması bütün bölgəyə ciddi təsir göstərəcək, İran öz praqmatiq siyasətinə və potensialına görə yaxın 10 ildə çox güclü və varlı dövlətə çevriləcək, sadəcə, yetər ki, bu ölkə dünyaya daha çox açılsın və molla rejiminin eybəcərliklərini silib-ata bilsin, bu baş versə, yaxın 10 ildə İran inkişafına görə Türkiyəni və Rusiyanı geridə qoyacaq, bölgənin ən cəlbedici ölkəsinə çevriləcək".
Teleqraf.com xəbər verir ki, bu sözləri Real Hərəkatının icra katibi Natiq Cəfərli deyib.
Natiq Cəfərlinin fikrincə, dünən İsveçrədə dünyada, əsas da bizim regionda ciddi dəyişikliklərə səbəb ola biləcək tarixi hadisə baş verib: " ABŞ – Avropa: Dəfələrlə yazmışam ki, Qərbin gücü nə silahindadır, nə topunda, nə tankında, gücləri iqtisadiyyatlarında, praqmatik siyasətlərində və elmə, informasiyaya əsaslanmış araşdırma institutlarındadır. Onlar hər bir duruma uyğun ssenarilərin hazırlanması bu gücün əsas göstəricisidir. Açığı, Qərb biznes çevrələri Rusiyaya qarşı olan sanksiyalardan o qədər də məmnun deyildirlər. Düzdür, ABŞ-la Rusiyanın ticarət dövriyyəsi cəmi 18 mlrd. dollar idi, buna görə də ABŞ-a təsiri az idi, amma Avropa ilə Rusiyanın ticarət dövriyyəsi 400 mlrd. dollar idi ki, bu da Avropa biznes çevrələrinə sanksiyalardan sonra ciddi təsir göstərirdi. Həm də, ABŞ uzaqdadır, öz enerji təhlükəsizliyini təmin etmiş haldadır, Avropa isə Rusiyanın yanı-başında, həm də enerji məsələsində ciddi asılı durumdadır. Bu da Avropanın xoşuna gəlmirdi, son 20 ildə Avropa iqtisadiyyatına Rusiyadan 1 trilyon dollar leqal və qeyri-leqal şəkildə pul daxil olurdu ki, bu da az əhəmiyyət kəsb etmirdi. İranla anlaşma Avropa şirkətlərinə yeni, tamamilə ac, böyük bir bazar açır: 80 milyonluq nüfuz, alıcılıq qabilləyəti yüksək, ildən-ilə də artacaq bazar, yenilənməyə ehtiyacı olan iqtisadiyyat və istehlak cəmiyyəti. Artıq Peugeot, Renault, Citroen, Fiat bəyan ediblər ki, İran bazarına girməyə hazırdırlar. İranda avtoparkın çox köhnə olduğunu nəzərə alaraq, ildə 2 mln. avtomobil satmaq üçün ciddi potensialı olan bazar var. ABŞ-ın və Avropanın iri energetika şirkətləri də, artıq İran bazarına uyğun planlar qururlar, sanksiyalardan sonra 10 ilə 500 mlrd. dollarlıq iri layihələrin olacağı gözlənilir. Məişət avadanlığı, tikinti materialları – bir sözlə, İran iqtisadiyyatının bütün sahələrinə girmək üçün startda olan yüzlərlə Qərb şirkətləri var. Bir sözlə, ABŞ və Avropa şirkətləri Rusiya sanksiyalarından itirdiklərinin dəfələrlə artığını İran bazarından çıxardacaqlar, bu isə Rusiyaya qarşı sanksiyaların daha uzun müddətli olmasına şərait yaradır.
Rusiya – Bu anlaşmanı istəməyən ölkələrdən biri Rusiyadır. Fikir verdinizsə, son imzalanma mərasiminə Lavrov qatılmadı, Lozannanı tərk etdi, öfkəsini gizlədə bilmədi. Rusiya üçün İranın dünyaya açılması ciddi fəsadlar gətirəcək, bu barədə neft-qaz bölümündə ətraflı yazacağam.
İsrail – Anlaşmaya qarşı ən kəskin mövqe məhz İsrail qoyurdu və hələ də Rusiya ilə birgə son anlaşmaya mane olmağa çalışacaq. İsrail öz ərköyün və cığal siyasətindən əl çəkməlidir, bu ölkənin gücü demokratiyasındadır, seçki sistemindədir, bunu nəzərə almalıdır, o coğrafiyanın model ökəsi olmağa çalışmalıdır. Əslində İsrailin qorxusu heç də İranın nüvə silahına sahib olma ehtimalı deyildi, Qərb – İran anlaşması Fələstin dövlətinin yaranmasına da yol açır, İsrailin bəhanələrini əlindən alır, bu anlaşmadan sonra Fələstinin dövlət kimi tanınması, bu problemin də həll olunması daha da asanlaşacaq.
Azərbaycan – Anlaşmanın Azərbaycana təsirləri çox böyükdür, biz bu barədə dəfələrlə fikirlər səsləndirmişik. İran kimi böyük oyunçunun enerji bazarına qayıtması, Qərblə anlaşması ölkəmizin həm iqtisadi, həm geosiyasi, həm də coğrafi önəminə təsir edəcək.
Neft və Qaz bazarı – İran öz neft və qaz potensialına görə dünyada lider dövlətlərdən biridir, dünya neft ehtiyatlarının 9%-i, qaz ehtiyatlarının 15%-i bu ölkədədir. Hələ sanksiyalar götürülməyib, İran bazara girməyib, amma indidən neftin və qazın qiymətlərinə bu anlaşma ciddi təsir göstərir. Sanksiyalardan sonra İran yaxın aylarda neft ixracatını 1,5 mln. barel artıracaq, yaxın 2 ildə isə yatırımların da köməyi ilə dünya bazarına gündə 7-8 mln. barel neft çıxaracaq. Avropanın qaz ehtiyacının da böyük bir hissəsini İran təmin edə bilər, yaxın aylarda nəzərdə tutulan müqavilələr bağlansa Türkiyə üzərindən 20 mlrd. m3, Fars Körfəzində qurulacaq sıxılmış qaz terminalları vasitəsi ilə, gəmilərlə 60 mlrd. m3 qaz ixrac etmək potensialı var. Rusiya da Avropa qaz bazarından sıxışdırılacaq. İran faktorundan başqa neft bazarına yaxın aylarda ciddi təsir göstərən bir neçə oyal da olacaq: 1) FED ABŞ-da sentyabrda % artırsa, dollar bahalaşacaq, baha dollar = daha ucuz neft, formulu işə düşəcək, 2) ABŞ 40 ildən bəri xam neft ixracına qoyduğu qadağanı tam götürmək istəyir, 3) Liviyada vəziyyət stabilləşir, bu ölkə əlavə 1 mln. barel neft sata bilər, 4) İraqda neft yataqları olan ərazilər ya İraq Mərkəzi Hökumətinin, ya da Şimali Kürd Bölgəsəl hökumətinin nəzarətinə qayıdır ki, bu da İraqa əlavə bazara gündə daha 1 mln. barel neft çıxartmağa imkan verəcək, 5) Neftdən asılı olan Rusiya və Venesuela kimi dövlətlər qiymət düşdükcə, bunu az da olsa kompensasiya etmək üçün istehsalı daha da artırırlar: Rusiya keçən aylarda tarixində ən rekort həcmdə neft istehsal edib – günə 11,1 mln. barel. Bütün bu faktorlar neftin yaxın gələcəkdə 40 dollar civarında olacağına, bu prosesin uzun müddətli olacağına işarə edir".
Natiq Cəfərli daha sonra bildirib ki, bir sözlə, İran anlaşması bütün bölgəyə ciddi təsir göstərəcək, İran öz praqmatiq siyasətinə və potensialına görə yaxın 10 ildə çox güclü və varlı dövlətə çevriləcək, sadəcə, yetər ki, bu ölkə dünyaya daha çox açılsın və molla rejiminin eybəcərliklərini silib-ata bilsin, bu baş versə, yaxın 10 ildə İran inkişafına görə Türkiyəni və Rusiyanı geridə qoyacaq, bölgənin ən cəlbedici ölkəsinə çevriləcək".