Dünya Azərbaycanlıları Konqresinin İstanbulda keçiriləcək 13-cü qurultayına Azərbaycan müxalifət partiyalarının rəhbər şəxsləri də dəvət olunub.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, AXP lideri Pənah Hüseyn bu gün səhər İstanbula yola düşüblər. Bununla bağlı İsa Qəmbər hava limanında şəkdirdikləri fotonu paylaşıb. Qeyd olunur ki, onları tədbirə DAK rəhbərlərindən olan Sabir Rüstəmxanlı dəvət edib.
Qeyd edək ki, Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın həmsədrlik etdiyi DAK qurultayını ilk dəfə 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirib. DAK mətbuat xidməti bildirib ki, qurultay 18 aprel 2015 tarixində İstanbulda başlayıb 2 gün davam edəcək. Saat: 10.00 da başlayacaq olan qurultayın 19 aprel günü sona çatacağı planlaşdırılıb.
"18 İldir fəaliyyət göstərən DAK dünyanın 70-ə yaxın ölkəsində yaşayan Azərbaycan türklərinin ən böyük və ən tanınmış diaspor təşkilatlarından biridir. İndiyə qədərki qurultaylarını, Los Angeles, Vaşinqton, Haaqa, Brüssel, Stokholm, Frankfurt ,Köln, Bonn, Donetsk kimi ABŞ və Avropanın böyük şəhərlərində reallaşdıran DAK, bu ilki qurultayını İstanbulda keçirməyə qərar verib.
XIII Qurultay üçün İstanbulda keçirilməsi təsadüf deyil. Sözdə “erməni soyqırı”mın 100-cü il dönümü bəhanəsi ilə davam etdirilən Türk düşmənçiliyi kampaniyası səbəbi ilə İstanbul şəhəri xüsusilə seçilmişdir".