Vitse-spiker: “İranın Şura Məclisində Xocalı soyqırımı aktına münasibət bildiriləcəyinə ümid edirəm”
Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Teleqraf.com xəbər verir ki, görüş zamanı Ziyafət Əsgərov Azərbaycanla İran arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb, iki ölkənin bir-birinə milli-mənəvi dəyərlər, ortaq mədəniyyət və tarixi ənənələr baxımından sıx bağlı olduğunu vurğulayıb. Vitse-spiker iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov onu da bildirdi ki, artıq 20 ildən çoxdur torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılı, ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan Ermənistan beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər edir.
Milli Məclis Sədrinin birinci müavini dünya ictimaiyyəti tərəfindən bu münaqişənin ədalətli həlli üçün kifayət qədər səy göstərilmədiyini təəssüf hissi ilə bəyan etdi. O, İslam Konfransı Təşkilatına üzv ölkələrin bu məsələnin həllində daha fəal olmasının vacibliyinə toxunub, İranın Şura Məclisində Xocalı soyqırımı aktına münasibət bildiriləcəyinə ümid etdiyini deyib.
Əli Rəbii öz çıxışında Azərbaycanla İran arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq duyduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu və bu məsələdə maraqlı olduqlarını diqqətə çatdırıb. Qarşılıqlı əlaqələrin və parlamentlərarası münasibətlərin önəmindən danışan iranlı nazir ölkəsinin qardaş Azərbaycan xalqını hər zaman dəstəklədiyini və ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmadığından təəssüf hissi keçirdiyini bildirən Əli Rəbii bu münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində aradan qaldırılacağına ümudvar olduğunu deyib.
Nemət