Elşən Mustafayev: "Vaxtilə Ramil Səfərov məsələsində siyasi partiyaların birgə bəyanatı olub"
Avropa Parlamentinin saxta "erməni soyqırımı"nı tanıması, bununla bağlı qətnamə qəbul etməsi Türkiyədə olduğu kimi Azərbaycanda da ciddi etirazla müşahidə edilir. Azərbaycanın siyasi və ictimai təşkilatları Avroparlamentin bu qərarını sərt tənqid edirlər.
AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev də məsələyə reaksiya verib. E.Mustafayev bildirib ki, bir müddət əvvəl Avropa Parlamentində səfərdə olub, orada müəyyən görüşlər keçirib. Onun sözlərinə görə, Brüsseldə olduğu zaman belə bir qərarın ola biləcəyi haqda informasiyaya rast gəlməyib: "Düzdür, Avroparlament saxta "soyqırımı" ilə bağlı qərar qəbul edib, lakin onların özləri də qeyd edirlər ki, bu hüquqi bir sənəd deyil. Fikrimcə, bu qərarın özü doğru deyil. Yüz il əvvəl baş verən hadisəni tarixçilər araşdırmalı olduğu təqdirdə, bundan xəbəri olmayan Avropa Parlamentinin deputatlarının müzakirə etməsi gülünc və məntiqsizdir. Şübhəsiz ki, bu sifarişli qərardır. İkincisi, qeyd edim ki, Avropa Parlamentində yeddi fraksiya var. Bu fraksiyaların heç birində saxta "genosid" müzakirə edilməyib və qəti qərar qəbul edilməyib. Əksinə, bu qətnamə müzakirə edilən zaman zalda nə qədər deputatın olduğu da bilinmir. Adətən, belə qətnaməni 50 deputat da qəbul edə bilir. Bu o deməkdir ki, əslində, bu qətnamə Avropa İttifaqının qərarı deyil, sadəcə, ermənilərlə yaxın olan deputatların qəbul etdiyi sənəddir. Fikrimcə, bu təxribat xarakterli qərardır. Biz bu qətnamə çıxmazdan əvvəl Avropa Parlamentində olan bəzi tanışlarımızla əlaqə saxlamışdıq, amma onların bundan informasiyaları yox idi. Bu, hüquqi deyil, tövsiyə xarakterlidir. Sadəcə olaraq, bu qətnamə faktının özü zərərlidir. XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı ilə bağlı belə sənəd qəbul edilmədiyi halda, yüz il əvvəlki hadisəni müzakirə etmək yersizdir. AMİP olaraq Avropa Parlamentində təmsil olunan Xalq Fraksiyasına və bəzi tanış deputatlara etiraz müraciəti hazırlayırıq".
AMİP funksioneri deyib ki, Avropa Parlamentində Qarabağ məsələsində Azərbaycan müxalifəti ilə iqtidarının mövqeyinin üst-üstə düşməsindən təəccüblənirlər: "Bu, onları qane etmir. Əlbəttə, bu Azərbaycan üçün müsbət haldır. İndilikdə məlum qətnamə türkün üzərinə atılan ləkədir. Biz ardıcıl olaraq bu məsələnin üzərinə getməli, hücum diplomatiyasına keçməliyik. Azərbaycan iqtidarı və müxalifəti də bu məsələdə həmrəy olmalıdır. Məsələnin üzərinə getmək, belə saxta məsələləri alt-üst etmək lazımdır. İnanıram ki, hakimiyyət-müxalifət dialoqunu bir kənara qoyaraq bütün siyasi qüvvələr birgə bəyanatla çıxış edə bilərlər. Qeyd edim ki, vaxtilə Macarıstanda həbs edilən Ramil Səfərovla bağlı siyasi partiyaların birgə bəyanatı olmuşdu. İndi də belə bir bəyanat imzalana bilər".
NEMƏT