Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, "Gürcü Arzusu" Koalisiyasının Siyasi Şurasının üzvü Əli Babayev "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini ittiham edib.
Əli Babayev bəyan edib ki, hazırda Gürcüstanda çox gərgin proseslər gedir. Onun sözlərinə görə, Suriya və ərəb ölkələrində baş verən proseslər Gürcüstana təsirsiz ötüşmür: "Gürcüstanda çox ciddi narahatlıq var ki, həmin qüvvələr bu ölkəyə də ayaq aça bilər. Ona görə də məndə olan informasiyaya görə, "Elat Bayramı"nda və Cəmiyyətin rəhbərliyinin o tədbirə apardığı insanlar arasında həmin qrupun nümayəndələri vardı. Gürcüstan hakimiyyəti "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin yox, elə adamların ölkəyə gəlməsini qadağan edib. Digər tərəfdən, Zəlimxan Məmmədli yaxşı fikirləşsin ki, niyə Gürcüstana qoymurlar. Bunun səbəbini özü bilər".
Əli Babayev "Borçalı" Cəmiyyətinin fəaliyyəti ilə bağlı müəyyən açıqlamalar da verib: "Mənim Gürcüstan azərbaycanlılarının Azərbaycandakı təşkilatlarının nə vaxt fəaliyyət göstərdiyi yadımdan çıxıb. Mən bilirdim ki, vaxtilə "Borçalı" Cəmiyyəti vardı, Gürcüstanda yaşayan azərbaycanlıların torpaq, məktəb, kənd adları və s. problemləri ilə maraqlanır, öz münasibətini bildirirdi. Zəlimxan Məmmədlinin rəhbərlik etdiyi indiki "Borçalı" Cəmiyyətində isə populist çıxışlardan başqa heç nə eşitməmişik. Üstəlik, sədr keçmiş Gürcüstan hakimiyyətinə yaltaqlanır. 2013-ci il sentyabrın 25-də bəyanat verərək Saakaşviliyə dəstək verir, oktyabrın 3-də də İvanişviliyə təbrik yollayır. Bu siyasət bizə əl verməz. Biz istəyərdik ki, Gürcüstan azərbaycanlılarının lobbisi burda bir olsun, fəaliyyət göstərsin. Gürüstanda olan hər bir prosesi izləsin və bizə dəstək olsun".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə elan edib ki, Əli Babayev bu bəyanatı ilə özü-özünü ifşa edib: "Pozucu şəbəkə özünü ifşa edir. Başqasına quyu qazan özü düşər. Əli Babayev o quyunun dibindədir".
CAVİDAN