24 Aprel 2015 18:21
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Spiker yaponiyalı bağbana suvenir bağışlayıb

Milli Məclisin sədri Oqtay Əsədovun başçılğı ilə Yaponiyada rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti Yaponiya Parlamentinin Nümayəndələr Palatasının sədri Tadomori Oşima ilə görüşüb.

Azərbaycan Milli Məclisinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirən Nümayəndələr Palatasının sədri Tadomori Oşima bu vəzifəyə yeni seçildiyini deyib. Qeyd edib ki, Azərbaycan nümayəndə heyəti onun bu vəzifədə qarşıladığı ilk qonaqlardır. O, vurğulayıb ki, parlament əlaqələri iki dövlət arasında əməkdaşlığın inkişafında mühüm rola malikdir. “Azərbaycan Qafqaz regionunun ən güclü dövlətidir. Biz sizin müstəqil siyasət xəttinizi dəstəkləyir və yüksək qiymətləndiririk. Sizin ölkə zəngin təbii sərvətlərə malik olsa da, onlardan asılılığı aradan qaldırmaq xətti yürüdür və buna nail ola bilirsiniz. Azərbaycan gərgin geopolitik məkanda yerləşməsinə baxmayaraq, uğurlu siyasət yürütməyi bacarır” – deyə Nümayəndələr Palatasının sədri bildirib.

Tadomori Oşima ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd edib. Bildirib ki, bizim vəzifəmiz iki ölkə arasında əməkdaşlığın inkişafına hərtərəfli yardım etmək, sıx işgüzar əlaqələr qurmaqdır.

Milli Məclisin Sədri Oqtay Əsədov, öz növbəsində, Tadomori Oşimanı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ilk iş günündə vaxt tapıb Azərbaycan nümayəndə heyəti ilə görüşdüyünə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan-Yaponiya dövlətlərarası münasibətləri zəngin tarixə malikdir və yüksək səviyyədədir. .

Yaponiyada keçirdiyi görüşlər barədə danışan Oqtay Əsədov yapon rəsmilərini Azərbaycana səfərə dəvət etdiyini və eyni zamanda Tadomori Oşimanı da Bakıda görməkdən məmnun olacağını bildirib.

Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpası yolunda ciddi maneədir. Milli Məclisin Sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Yaponiya tərəfinə minnətdarlığını ifadə edib.

Səfər zamanı Oqtay Əsədovu Tokioda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Azərbaycan nümayəndə heyətini Tokioda salamlamaqdan məmnunluğunu ifadə edən Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri, dostluq qrupunun yaponiyalı rəhbəri Akira Amari əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayacaq.

Tokioda görüşlərini başa vuran spiker Oqtay Əsədov bu ölkənin qədim paytaxtı Kioto şəhərinə gedib. Kioto Dövlət Qonaq evində qarşılanan qonaqlara burada yerləşən qədim yapon bağı haqqında məlumat verilib. Sonra qonaqlar bağla tanış olublar. Belə gözəl bağ saxladığına görə qocaman bağbana təşəkkür edən Milli Məclis sədri Oqtay Əsədov ona Azərbaycanla bağlı suvenir hədiyyə edib.

Həmin gün axşam Dövlət Qonaq evində Milli Məclisin nümayəndə heyətinin şərəfinə şam yeməyi təşkil olunub. Yaponiya parlamentinin qaydalar və idarəetmə komitəsinin direktoru Noqami Kotaru çıxış edərək Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin çox məhsuldar olduğunu və iki xalq arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfələr verəcəyini bildirib.

Nemət


Müəllif:

Oxşar xəbərlər