Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyası ilə bağlı deputatlara məlumat verib.
Teleqraf.com-un xəbərinə görə, deputat ilk olaraq Fazil Mustafanın AŞPA-da 150-dən çox deputatın adından saxta soyqrımla bağlı səsləndirilən bəyanatla bağlı fikirlərinə münasibət bildirib: “Fazil Mustafa gözəl bilir ki, AŞPA prosedurasına görə sənədlərin qəbulu çətin olur. Söhbət sənədin qəbulundan gedirsə, o, müxtəlif strukturlarda müzakirə edilməli, məruzəçi müəyyən edilməli və hesabat hazırlanmalıdır. Bundan sonra isə sənəd qəbul edilir. Bəli, belə bir hadisə AŞPA-da 2005-ci ildə olub. Azərbaycan torpaqlarının işğalı haqqında qərar qəbul edilib. Bu sessiyada isə ermənilər soyqrımla bağlı sənəd qəbul olunmasını istədilər, amma alınmadı. Onlar başqa yol seçdilər, AŞPA-da imza toplayaraq AŞPA adından təqdim etmək istədilər. Həmin sənəd Avropa Şurasının sənədi deyil. Sənədin arxasında yazılır ki, bu bəyanata imza atanların mövqeyini ifadə edir. Azərbaycan və Türkiyə nümayəndələri saxta soyqrımla bağlı ermənilərin qarşısını aldılar. Onlar heç AŞPA-da bir tədbir keçirə bilmədilər. Əslində bu sessiya Ermənistanın AŞPA-da məğlubiyyətini göstərdi. Onlar cəhd göstərirlər ki, hansısa dövlətin daxilinə girsinlər, orada problemlər yaratsınlar. Baxın, bu yaxınlarda Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sədri Qazaxıstan üzrə məruzəçi olmaq istədi. Sənin nə məqsədin var? Fransa üzrə məruizəçi ol, bu ölkədə o qədər erməni yaşayır”.
Seyidov qeyd edib ki, son sessiyada Azərbaycan nümayəndə heyətinin iki xanım deputatı AŞ PA bürosunda məruzəçi seçiliblər: "Bu xanımların fəaliyyəti müddətsizdir. Bu sessiyada Azərbaycan nümayəndə heyətinin təklifi əsasında Monitorinq Komitəsində alt komitə yaradıldı. Bizə dəstək verən qüvvələrin fəaliyyəti nəticəsində xeyli işlər həyata keçirmişik. Ancaq biz arxayınlaşmamalıyıq. Bilməliyik ki, biz nə qədər iş görsək də, düşmən daha da aqressivləşir. Məsələn, insan haqları məsələsində Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu prosesin də başında ermənilər durur. Cənab sədr nümayəndə heyəti sizin tapşırığınızla fəaliyyətini davam etdirəcək”.
Nemət