1 May 2015 17:14
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 1-də ölkəmizdə səfərdə olan III Qlobal Bakı Forumunun iştirakçıları Bakının Nəsimi rayonundakı Əjdərbəy məscidində cümə namazında iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, şeyxülislam Allahşükür Paşazadə və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qonaqları səmimi salamlayaraq, dünya şöhrətli, nüfuzlu şəxsiyyətlərin Azərbaycana səfərlərinin yüksək dəyər kəsb etdiyini vurğulayıblar.

Türkiyənin keçmiş prezidenti Abdullah Gül ilə görüşən QMİ sədri A.Paşazadə Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib. Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə qardaş Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm sayan QMİ sədri turk-İslam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib.

A.Gül, öz növbəsində, şeyxülislamla Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırladıb və A.Paşazadənin iki qardaş dövlət arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylərini əvəzsiz kimi dəyərləndirib.

Görüşün sonunda Şeyxülislam A.Paşazadə A.Gülə xatirə hədiyyəsi təqdim edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər