7 May 2015 21:56
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Almaniyadakı səfirliyində Bundestaqın Cənubi Qafqaz dostluq qrupunun üzvləri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd dostluq qrupunun cari il mayın ikinci yarısında Azərbaycana səfər edəcək üzvləri ilə tanışlıq və onları səfər öncəsi ölkəmiz barədə məlumatlandırmaq olub.

Ona yaxın Bundestaq üzvünün qatıldığı görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı da iştirak edib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti, siyasi, iqtisadi əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərdən söhbət açan diplomat bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Bundestaqın Cənubi Qafqaz dostluq qrupunun sədri xanım Karin Ştrents təmsil etdiyi qrupun mayın 13-18-də ölkəmizə edəcəyi səfərlə bağlı gözləntiləri, keçirmək istədikləri yüksək səviyyəli görüşlər barədə söhbət açıb. O, səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Karin Ştrents ölkəmizlə əməkdaşlığın Almaniya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Almaniyanın iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə təmsil olunacağından məmnunluğunu ifadə edib.

İnam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in fəaliyyət göstərdiyi qısa müddətdə ölkə əhalisi arasında böyük rəğbət qazandığını, dövlət-vətəndaş münasibətlərinin inkişafına əhəmiyyətli töhfə verdiyini, habelə korrupsiya ilə mübarizə sahəsində mühüm uğurlara imza atdığını qeyd edib.

Mustafa Qurbanlı təmsil etdiyi Şuranın fəaliyyəti barədə məlumat verib, qurumun beynəlxalq əlaqələrindən, o cümlədən Almaniya QHT-ləri ilə əməkdaşlığından söhbət açıb.


Müəllif:

Oxşar xəbərlər