14 May 2015 14:35
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son günlər Müsavat Partiyasında baş verənlər şişirdilmiş formada cəmiyyətə təqdim olunur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.

A.Hacılı Müsavat Partiyasının VIII qurultayının demokratik, şəffaf keçirildiyini diqqətə çatdırıb: “Bu cür demokratik sistem olan partiyada guya avtoratitar idarəçilik olduğu haqda görüntü yaratmağa çalışırlar. Lakin belə deyil. Müsavat Partiyası genişlənmə istiqamətində iş aparır. Partiyada nəsil dəyişmə prosesi gedir. Bu proses isə fəsadlarsız ötüşmür. Müəyyən fəsadlar olsa da, bu şişirdilir. Bu müddət ərzində partiyadan xaric edilən adamların sayı 9-dur. Lakin indiyə qədər istefa verənlərin sayı 100-dən azdır. Bu gün 55 nəfərin istefası haqda xəbər yayıldı. Lakin biz araşdırma apardıq, onların içində bəzilərini ümumiyyətlə, tanımırıq. Bəziləri əvvəllər istefa vermiş şəxslərdir. Bu həqiqəti əks etdirmir. Yalnız Müsavatla əlaqəsi olan 6-7 nəfərin istefasından söhbət gedə bilər”.

Müsavat başqanı qeyd edib ki, hazırki şəraitdə kimlərsə mübarizə apara bilmirsə, nə media, nə də cəmiyyət gedənlərə görə qalanları günahlandırmamalıdır: “Müsavatda fəaliyyət göstərmək böyük fədakarlıq tələb edir. Görünür, kimlərsə fədakar ola bilmirlər. Mən gedənlərə görə təəssüflənirəm. Lakin biz burda ilişib qalmırıq. Bir çox rayon təşkilatlarının yenidən qurulması işi aparılır. Müsavat 80-ə yaxın regional təşkilatı olan yeganə müxalifət partiyasıdır. Bunlardan ən azı 70-i güclü təşkilatdır. Müsavat böyük partiyadır, buna görə də baş verənlər cəmiyyət tərəfindən maraqla qarşılanır. Bəzi partiyaların qurultayı Müsavatın bir özək təşkilatında keçirilən seçki qədər əks-səda doğurmur”.

Onun sözlərinə görə, Müsavat daxilində baş verənlər demokratik proseslədir və bu partiyanın inkişafına gətirib çıxaracaq: “Son 7 ayda Müsavata gələnlərin sayı gedənlərdən qat-qat çoxdur. Son aylar ərzində 300-dn artıq şəxs Müsavata üzv olub. Bizi partiyaya gələnlər daha çox maraqlandırır. Çünki Azərbaycanda yeni şərait yaranıb. Elə adamlar var idi ki, 2003-2005-ci illərdə fəaliyyəti diqqət çəkirdi. Lakin indi şərait dəyişib. Müsavatın bu günki tərkibi, fəaliyyəti indiki siyasi şəraitə uyğun qurulub və bunun yüksək nəticələri yaxın günlərdə özünü göstərəcək”.

Ruslan


Müəllif:

Oxşar xəbərlər