Tural Abbaslı: “Görün, partiya daxilində demokratiya nə qədər aradan qaldırılıb ki, bir müsavatçı digərini məhkəmə ilə cəzalandırmaq niyyətinə düşüb”
Müsavat partiyasının başqanı Arif Hacılıya qarşı keçmiş müsavatçıların ittihamları davam edir.
Partiyanın Suraxanı təşkilatının sabiq sədri Rövşən Dəmirli deyib ki, hazırda yeni rəhbərlik partiyanı elə bir vəziyyətə çatdırıb ki, orada yalnız qrup maraqları üstünlük təşkil edir: “Imkan yaratmırlar ki, kimlərsə gəlsin, partiyanın güclənməsinə öz töhfələrini versin. Orada artıq keçmiş müsavatçılıq prinsipindən söhbət gedə bilməz. Partiya sıralarından istefa verənlər də dəfələrlə bunu bəyan ediblər. Onlar istefa verməyə məcbur idilər. Cünki görürlər ki, bu təşkilatda heç kimə dəyər vermirlər. Orada Arif Hacılıya biət edən insanlar təmsil olunurlar. Ona görə də, Müsavatda gələcəklə bağlı perspektivlər yoxdur”.
R.Dəmirli daha sonra xatırladıb ki, Müsavatdan istefa verənlər əsasən ADR hərəkatına qoşulurlar. O, artıq Isa Qəmbərə də inanmadıqlarını xüsusi vurğulayıb: “Bu gün ADR-in sıraları genişlənir. Heç kim Müsavata yenidən qayıtmaqla bağlı düşünmür. Indiki vəziyyətdə bu mümkün deyil. Narazıların, o cümlədən də mənim fikrimcə, əgər Isa Qəmbər bu işə müdaxilə etsə, Arif Hacılı istefaya getsə və köhnə status-kvo yaranarsa, o zaman istefa verən və yaxud da çıxarılan insanlar yenidən partiya sıralarına qayıda bilər”.
Müsavat Partiyasının başqanlığa sabiq namizəd Tural Abbaslı isə deyib ki, partiyada istefalara görə, cavabdeh şəxs başqan Arif Hacılıdır. Onun fikrincə, məhz Hacılı başqan olduqdan sonra istefalar baş verib: “Partiyada müsbət və mənfi hadisələrə cavabdeh olan şəxs başqandır. Yaranan acı durumu yoluna qoymaq nizamnamə ilə başqanın üzərinə düşür. Isa Qəmbər, sadəcə, Məclis üzvüdür. Məclis üzvünün bu prosesə müdaxilə etməsi etik görünmür. Isa Qəmbər könüllü olaraq bu prosesə müdaxilə edə bilər. əgər etmirsə, deməli, hesab edir ki, partiyada hər şey qaydasındadır. Və ya ümumiyyətlə, bu prosesə qatılmaq istəmir”.
T.Abbaslı bir qrup müsavatçının ədliyyə Nazirliyinə müraciət etməsini ağrıdıcı məqam kimi qiymətləndirib: “Görün, partiya daxilində demokratiya nə qədər aradan qaldırılıb ki, bir müsavatçı digərini məhkəmə ilə cəzalandırmaq niyyətinə düşüb. əslində, partiyadaxilində demokratik idarəetmə olsaydı, belə hal yaşanmazdı. Təəssüf ki, durum bu həddə qədər gəlib çatdı. Artıq Arif Hacılı və onun qrupu reallıqları görməli, partiyanı hansı hala saldıqlarını bilməlidir”.
CAVIDAN