Cəmil Həsənlinin BAXCP sədri Qüdrət Həsənquliyevin ittihamları haqqında “ona cavab verməyi özümə sığışdırmıram” replikası qarşı tərəfin də reaksiyasına səbəb olub. BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı mətbuata bildirib ki, Cəmil Həsənli Qüdrət Həsənquliyevə cavab vermək iqtidarında deyil: ”Cəmil Həsənli öz kitablarında “İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazda lider dövlətdir” yazırdı. Heç olmasa, bu kitablarından utansın".
Niyaməddin Orduxanlı Teleqraf.com-a bildirib ki, Cəmil Həsənli hər dəfə müxtəlif bəhanələrlə Qüdrət bəyin dediklərinə cavab verməkdən yayınıb: "Cəmil Həsənli, sən bunu boynuna almasan da, bu, bir həqiqətdir. Cəsarətin çatırsa, Qüdrət bəyin dediklərinə münasibət bildir. Omayıb bütün bunlar? Təbii ki olub! Qüdrət bəy deyir ki, sən deputat olan vaxtlarda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edirdin, ona xoş sözlər deyirdin. İndi guya müxalifətçi olmusan? Nə tez yadından çıxdı ki, müavini olduğun Əli Kərimli Milli Məclisi baykot etmişdi. Və sən də mandat sevgindən Əli Kərimliyə heç bir əhəmiyyət vermədən gedib oturdun Milli Məclisdə. Buna görə də Əli Kərimli səni partiyadan qovdu. Yadına düşdü? Sən elə həmin Cəmil Həsənlisən, Əli Kərimli də, həmin Əli Kərimlidir. Bu gün səni yenidən Milli Məclisə buraxsalar, yenə də Əli Kərimlini ayaqlarının altına atarsan. Bunu Əli Kərimli də yaxşı bilir”,
Niyaməddin Orrduxanlı uzun müddətdir siyasi fəaliyyətlə məşğul olduğunu bildirərək qeyd edib ki, Əbülfəz Elçibəyin sag olduğu dövrdə də Cəmil Həsənli riyakarlıqla məşğul idi:” AXCP-də ən riyakar, ən tamahkar və ən saxta adam Cəmil Həsənli idi. Bir tərəfdən Elçibəyə xoş görünmək istəyir, o biri tərəfdən Elçibəyə qarşı total hücuma keçmiş Əli Kərimlinin yanından əl çəkmirdi. AXCP-nin məclislərinin birində "Talış-Muğan bölgəsi" söhbəti ortaya atıldı. Guya Elçibəy yerliçilik edirdi və bu bölgədən olan cəbhəçilər ona qarşı "demokratiya savaşı" aparırdı. Həmin tezis tribunadan elan edildi, mətbuata da çıxdı. Bu tezisin ideoloqlarından biri Cəmil Həsənli idi. AXCP bölünəndə Mirmahmud Mirəlioğlunu ikna etməyə çalışırdı ki, sən bizim bölgədənsən, gedib naxçıvanlılara, ermənistanlılara, qarabağlılara qoşulma”.
Onun əlinin hər zaman hakimiyyətin müxtəlif pillələrindəki adamların cibində olduğunu deyən BAXCP sədrinin müavini Cəmil Həsənlinin Fərhad Əliyevlə münasibətlərinin də hər kəsə məlum olduğunu xatırladıb: ”O, neçə-neçə obyekt özəlləşdirib. O zaman Cəmil Həsənli AXCP sədrinin müavini, Qüdrət Həsənquliyev isə müşavir idi. Buna baxmayaraq, Qüdrət Həsənquliyevin yanında cınqırını çıxara bilmirdi, səhərdən axşamacan ona tərif deyirdi. Qüdrət Həsənquliyev öz şəxsi-mənəvi keyfiyyətləri ilə Cəbhədə hər zaman bütün cinahlar tərəfindən qəbul olunub və hörmət edilib. Heç zaman da heç kimə fərq qoymaz, hamıya dəstək olardı. Bunu yüzlərlə cəbhəçi də təsdiq edə bilər.”
Milli Şuranın mitinqi ilə bağlı fikirlərini bölüşən Orduxanlı bildirib ki, bu cür saxta adamların mitinqinə heç kim qatılmayacaq: “Qohum əqrabaları və partiya üzvlərindən başqa heç kim onların mitinqinə qatılmayacaq. Əli Kərimli fürsətcillik edir. Ona mitinq lazım deyil. Özü də yaxşı bilir ki, xalq mitinqə gəlmir və onu dəstəkləmir. Sadəcə, indiki məqamda bəzi Qərb dairələrinin indiki münasibətindən istifadə edib, özünü onlara göstərir. Ancaq unudur ki, Qərb yaxşı bilir ki, “Milli Şura”nı 2013-cü ildə Rusiya yaratmışdı və onun fəxr sədri də elə hal-hazırda Rusiya da yaşayır. Rusiyanın layihəsinə Qərb heç vaxt dəstək verməz. Olsa-olsa Əli Kərimlidən bəzi məsələlərdə istifadə edərlər”.
Nihad