Bu ilin aprel ayında Astara (İran) şəhərində Azərbaycan musiqisi ifa etmək ittihamı ilə nəzarət altına alınan güneyli fəalların məhkəməsi iclası heç bir səbəb göstərilmədən təxirə salınıb. Təbriz və Sərab sakinləri olan Məhəmməd İskəndərzadə, Salar Turi və Səhənd Məali iyunun ikisi Astara məhkəməsində iclasa qatılsalar da, hakim səbəb göstərmədən məhkəmə prosesini iyunun 14-dək təxirə salıb.
"Amerikanın Səsi"nin əldə etdiyi məlumata görə, aprelin ikisi (13 Fərvərdin Təbiət Günü) bir sıra milli fəal və insan haqları müdafiəçiləri Xəzər sahilinə (Astara şəhərinə) səfər ediblər. Ailəvi səfərdə olan fəallar sahildə dinc şəkildə Azərbaycan tar və nağara musiqisi ilə xalq mahnıları oxuyaraq milli rəqslə şənlik ediblər. Sahildə olan digər insanlar da maraqla azərbaycanlı gəncləri alqışlamağa başlayıb. İnsanların əylənməsindən narahat olan İran polis qüvvələri gənclərdən dərhal Azərbaycan musiqisini dayanmasını tələb edib. Amma polisin tələbinə hiddətli reaksiyasi verən fəalların etirazına baxmayarq, polis Azərbaycan musiqisinin səslənməsinə icazə verməyib və insident yaşanıb. Gərginliyi sakitləşdirmək üçün adıçəkilən fəallar konüllü olaraq polis idarəsinə gediblər.
Güneyli fəallar Azərbaycan musiqisinə görə məhkəmə qarşısına çıxır
“Məsələyə aydınlıq gətirmək üçün polis idarəsinə gedən fəallar gözlənilmədən 2 gün polis nəzarətində saxlandıqdan sonra məhkəməyə çıxarılıb. Fəallar Astara məhkəməsində “ictimai asayişi pozmaq və rəqs etmək”də ittiham olublar. Fəallar daha sonra zaminə buraxılıb” – deyə fəallardan biri Amerikanın Səsinə bildirib.
İyunun ikisində məhkəmənin təxirə salınmasına baxmayaraq fəallar öz müdafiə qətnamələrini məhkəməyə təqdim ediblər. Onlar bildirib ki, etiraz olaraq təxirə salınmış məhkəmədə iştirak etməyəcəklər.