“Əslində, indi “qiyamın qarşısını almaq olardı” kimi fikirlər demək çətindir. Hesab edirəm ki, Elçibəyin köməkçisi Oqtay Qasımovun müsahibəsinə baxmaq lazımdır. Oqtay bəy müsahibəsində demişdi ki, müəyyən əlamətlərdən artıq hiss edirdik ki, Qərb Elçibəy hakimiyyəti ilə əlaqələri kəsib. Hətta onlar həmin zaman bir xalça hazırlamışdılar və üzərində də Tetçerin fotosunu çəkmişdilər. Lakin əlaqə yaradıb bu hədiyyəni xanım Tetçerə verə bilməmişdilər”.
Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin müavini, professor Adil Qeybulla bildirib. Müsahibəni təqdim edirik:
- Adil bəy, bir neçə gündən sonra Bakıda I Avropa Oyunları start götürəcək. Belə mühüm beynəlxalq idman tədbirinin ölkəmizdə keçirilməsini necə qiymətləndirirsiniz?
- Bunu mühüm hadisə kimi qiymətləndirirəm. Azərbaycanın dünyada tanınması istiqamətində irəliyə doğru addım hesab edirəm. Avropa Oyunları beynəlxalq tədbirdir. Bu tədbirin Azərbaycanda yüksək səviyyədə keçirib uğurla başa çatdırılması üçün hər kəs əlindən gələni etməlidir. Ən azı qayda-qanuna riayət etməli, oyunların keçirilməsinə maneçilik törətməməlidir. Dövlətin bu istiqamətdə qəbul etdiyi tədbirlərə, qanunlara əməl olunmalıdır. Avropa Oyunları sıradan bir hadisə deyil. Bunun Azərbaycanda keçirilməsi, Azərbaycanın dünyaya tanınması, Avropaya inteqrasiyası baxımından böyük hadisədir.
- Bəs, bu oyunların Azərbaycanda keçirilməsinə qarşı olan mövqeləri necə qiymətləndirirsiniz?
- I Avropa Oyunlarına qarşı olan mövqelər qəbuledilməzdir. Əvvəla, mən özüm də ictimai həyatın müxtəlif sahələri ilə bağlı tənqidlər səsləndirirəm. Bu, normal haldır. Ancaq bu tənqidləri beynəlxalq müstəviyə qaldırmaq, ayrı-ayrı dövlətlərin nümayəndələrini bura gəlməməyə səsləmək düzgün addım deyil.
- Müsavat Partiyası bəyanat yayıb. Söhbət Avropa Oyunlarının əleyhinə olan bəyanatdan gedir...
- Mən həmin bəyanatı oxudum. Bunu qəbul etmirəm. Çünki çox cığal bir bəyanatdır. Yaxşı olardı ki, bu bəyanatı verənlərin özləri qayda-qanuna riayət etsinlər, bundan sonra isə başqalarından nəsə tələb etsinlər.
- Qayda-qanuna riayət etsinlər deyəndə nəyi nəzərdə tutursunuz?
- Onların özlərinin demokratiyaya sədaqətli, insan haqlarına münasibətdə hörmətli davranmaları, öz hərəkat yoldaşlarına münasibətini və s. məsələləri nəzərdə tuturam. Bunların hamısı mətbuatın gündəmini tutan məsələdir. Həm də ciddi məsələlərdir.
- İndi Müsavat Partiyasının xaricdə mühacir statusu almaq üçün kimlərəsə saxta üzvlük bileti və arayışlar verməsi məsələsi müzakirə edilir, belə faktların olduğu bildirilir. Uzun illər bu partiyanın üzvü olmusunuz. Belə faktlarla əvvəllər rastlaşmısınızmı?
- Biz bu söhbətləri ara-sıra eşidirdik. Mən özüm bu söhbətlərə heç vaxt inanmaq istəməmişəm. Məsələnin bu dərəcədə ciddi müstəviyə qalxması artıq faktdır. Məsəl var, od olmasa, tüstü çıxmaz. Yəqin, müəyyən şeylər ortada olub. Hesab edirəm ki, bu işlər ciddi şəkildə araşdırılmalıdır. Biz şəffaf cəmiyyət qururuq. Müsavat Partiyasının tarixində belə ləkə qalmamalıdır. Əgər bu hallara yol verilibsə, bunu edənlərə qarşı ciddi tədbirlər həyata keçirilməlidir.
- Əbülfəz Elçibəy iqtidarı zamanı hansı vəzifə tutmusunuz?
- Mən heç bir vəzifə tutmamışam.
- Ancaq həmin dövrdə siz səhiyyə ilə bağlı təkliflər paketi hazırlamısınız...
- Bəli. 1991-ci ildə səhiyyə ilə bağlı tam təkliflər paketi hazırlayıb hökumətə təqdim etmişik. Ancaq nə 1991-ci ildə olan hökumət, nə də ondan sonrakı hökumət həmin təkliflərə baxmadı.
- AXC-Müsavat hökuməti də baxmadı?
- Bəli, baxmadı. Baxsaydı, səhiyyədə dəyişiklik olardı. Bir daha qeyd edim ki, həmin vaxt mən dövlət vəzifəsi tutmamışdım. Moskvadan gələndə 29 yaşım var idi. Artıq elmlər doktoru idim və həmin vaxt Tibb Universitetində professor vəzifəsinə keçdim. İş yerim də ora olub. Başqa sözlə, Elçibəy hökumətində vəzifə tutmadığım üçün həmin hökumətin məsuliyyətini daşımıram.
- Artıq uzun illər müdafiə etdiyiniz Müsavat-AXC iqtidarının hakimiyyətdən getməsinin, müxalifətdə qalmasının 22 ili tamam olur. Bunu necə şərh edirsiniz?
- Bəli, mən 4 iyun qiyamı və sonrakı hadisələrdən məlumatlıyam. Amma həmin vaxt heç bir siyasi post tutmamışam. Əslində, Gəncədə 1993-cü ilin 4 iyununda baş verən qiyam çox mürəkkəb idi. Ona bir prizmadan baxmaq və qiymətləndirmək doğru olmazdı. O zaman qiyamın başlıca səbəbi neft müqavilələri faktoru idi. Məsələ bunun üzərində cəmlənmişdi. Təbii ki, həmin dövrdə hakimiyyətin qətiyyətsizliyi bu işlərin daha da inkişafına gətirib çıxardı və sonda hakimiyyətin iflasına, siyasi böhrana səbəb oldu. Əslində, indi “qiyamın qarşısını almaq olardı” kimi fikirlər demək çətindir. Hesab edirəm ki, Elçibəyin köməkçisi Oqtay Qasımovun müsahibəsinə baxmaq lazımdır. Oqtay bəy müsahibəsində demişdi ki, müəyyən əlamətlərdən artıq hiss edirdik ki, Qərb Elçibəy hakimiyyəti ilə əlaqələri kəsib. Hətta onlar həmin zaman bir xalça hazırlamışdılar və üzərində də Tetçerin fotosunu çəkmişdilər. Lakin əlaqə yaradıb bu hədiyyəni xanım Tetçerə verə bilməmişdilər. Artıq neft müqavilələrinin imzalanması ərəfəsində bu məsələyə dair qərar verilmişdi. Əlbəttə, hakimiyyət iradə nümayiş etdirsəydi və müəyyən tədbirlər görsəydi, bunun qarşısını almaq mümkün olardı. Amma bu mürəkkəb proses idi və onu bir müstəvidən şərh etmək doğru olmazdı. Lakin şübhəsiz ki, ortada hakimiyyətin də qətiyyətsizliyi var idi və bunu inkar etmək doğru olmazdı.
- 29 yaşında Bakıya gəlmisiniz, professor vəzifəsinə seçilmisiniz. Nədən elmi fəaliyyətinizi davam etdirmədiniz, siyasətə qatıldınız?
- Ali məktəbdə oxuyanda müəyyən dərnəklərə gedirdik. O zaman Asif Əfəndiyevin dərnəyi var idi. Həmçinin Çənlibel hərəkatında iştirak edirdik. Yəni, mən hərəkata təsadüfən gəlməmişdim. Milli azadlıq məsələləri ilə daima maraqlanmışam. 1988-ci ildə hərəkat başlananda mən artıq cavan həkim idim və meydanlarda olurdum. Daxilində vətənpərvərlik hissi olan insanlar bu prosesdən kənarda qala bilməzdi. Mənim də siyasətə gəlməyim bu dalğada baş verdi. Əlbəttə, bir əldə iki qarpız tutmaq çox çətindir. Yəni elmi karyera qurmaq, elmdə ciddi nailiyyətlər əldə etmək üçün gərək onunla ciddi məşğul olasan, tədqiqatlar aparasan, laboratoriyalarda işləyəsən. Ancaq bu siyasətlə bir araya sığmır. Təəssüflər olsun ki, elmi fəaliyyətlə bağlı bəzi məsələlər mən Moskvadan qayıtdıqdan sonra arzu olaraq qaldı.
- Bəs, nədən siz AXC-ni deyil, Müsavatı seçdiniz. Axı həmin dövrdə Elçibəy daha nüfuzlu və xarizmatik lider idi. İsa Qəmbər isə yenicə özünə komanda yaradırdı...
- Mən Azərbaycan Xalq Cəbhəsinin tərkibində idim. Müsavata isə İsa Qəmbərə görə deyil, Müsavat adına görə gəlmişdim. Məhəmməd Əmin Rəsulzadə haqqında ali məktəbdə bilgilərim yox idi, biz daha çox marksizm keçirdik. Amma hərəkat başlayanda bu məlumatları öyrəndik. Məsələn, Bakı Dövlət Universitetinin tarix, şərqşünaslıq, filologiya fakultələrində təhsil alanların cüzi də olsa, informasiyaları var idi. Tibb Universiteti isə bir qədər spesifik idi və bizdə belə məlumatlar yox idi. Mən də Azərbaycan tarixini az-çox bildikcə faktlar bizi Müsavata tərəf yönəldirdi. Əslində, getdiyim yoldan peşman deyiləm. Müsavat seçimi də onun tarixi adı ilə bağlı idi. 1918-1920-ci illərdə Müsavat çox işlər görmüşdü, Şərqdə ilk cümhuriyyət qurmuşdu, ideoloji fəaliyyəti olmuşdu. Məhz Müsavatın tarixi adı bir çoxlarını bu partiyaya gəlməyə sövq etdi. Xeyli sayda insanların babaları, yaxınları 30-cu illər repressiyasında güllələnmişdi. Bizdən də belə şəxslər olmuşdu. Yəni, bu insanlar üçün Müsavata bir doğmalıq var idi. Ancaq siz də gördünüz ki, son nəticədə Müsavat hansı səviyyəyə gəlib çıxdı. Nəticədə insanlar Müsavatdan pərən-pərən düşdülər. Çox təəssüflər olsun. İndi bu təşkilatı 1918-1920-ci illərdəki Müsavat Partiyası ilə eyniləşdirmək, azı həmin illərin Müsavatına hörmətsizlik olardı.
- Hazırda siz formal olaraq Müsavat Partiyasında qalırsınızmı?
- Xeyr. Mən artıq Müsavatın üzvü deyiləm. Bu partiyadan istefa vermişəm.
- Qarşıdan parlament seçkiləri gəlir. İctimai aktiv insan olaraq bu haqda nə düşünürsünüz?
- Bəli, qarşıdan parlament seçkiləri gəlir, ancaq indi əsas diqqət I Avropa Oyunlarınadır. Hələlik parlament seçkilərinə rəsmi start verilməyib. Mən şəxsən seçkilərlə bağlı tam qərarlı deyiləm. Namizədliyimi irəli sürüb-sürməmək haqqında düşünürəm. Əgər seçkiyə gedəsi olsam, prosesə bitərəf şəkildə qatılacağam. Çünki mənim artıq siyasi mənsubiyyətim yoxdur. İndilikdə vəziyyəti dəyərləndirməmişəm. Yəqin ki, iyul ayında seçkilərə qatılıb-qatılmayacağıma dair yekun qərarımı verəcəyəm.
- Müsavatın bütün nüfuzlu üzvləri istefa verib. Bura sizi, Vurğun Əyyubu, Qubad İbadoğlunu, Əlövsət Talışxanlını, İbrahim İbrahimlini, Hikmət Hacızadəni və onlarla başqa şəxsin adını əlavə etmək olar. Bu şəxslər həm də Müsavatın potensial deputatlığa namizədləridir. Ancaq indiki başqan Arif Hacılı elan edib ki, 70 dairə üzrə namizədləri müəyyən ediblər. Bu namizədlər kimlərdir?
- 70 nəfərlik statistikanı mətbuatdan mən də oxumuşam. Ancaq bu fikrin arxasında nə dərəcədə faktın dayandığını, 70 namizədin kimlərdən ibarət olduğunu bilmirəm. Əslində, bu rəqəm mənə şübhəli gəlir. Bu namizədlər nə dərəcədə tanınır, onların nə qədər potensialı var məsələsi də şübhə altındadır. Hesab edirəm ki, Müsavat Partiyası bu vəziyyətdə seçkilərdə uğur qazana bilməz. Artıq bu imkan xaricindədir.
Nemət