10 İyun 2015 13:19
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsildən kənarda qalan qız uşaqları ilə bağlı problem gündəmə gətirildi

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUİB) və Demokratik İslahatlar Partiyasının birgə təşəbbüsü ilə “Qız uşaqlarının təhsildən erkən ayrılmasına necə mane olmalı: problemlər, hüquqlar, həll yolları” mövzusunda debat keçirilib.

Bu barədə Teleqraf.com-a ictimai birlikdən məlumat verilib.

Debatın açılış nitqini edən QLUİB sədri Ülkər Abdullayeva bildirib ki, apardıqları araşdırmalar nəticəsində ölkədə xeyli sayda azyaşlı və yetkinlik yaşına çatmamış qız uşaqlarının icbari təhsildən kənarda qalması hallarının olduğu ortaya çıxıb. Bu problem özünü xüsusilə Bakı kəndlərində, Azərbaycanın cənub və şimal-qərb rayonlarında biruzə verib. Qızlar ya ümumiyyətlə məktəblərə getmir, ya da ibtidai siniflərdən başlayaraq orta məktəbi tərk edirlər. Araşdırmalar zamanı qızların təhsildən erkən ayrılmasının əsas səbəbi kimi valideynlərin təzyiqləri, uşaqların oxumaq istəməməsi və ailələrin maddi imkansızlığı göstərilib. “Bəzi valideynlər bildiriblər ki, qızları yuxarı siniflərdə oxumağa buraxmaq düzgün deyil. Çünki toplum yeniyetmə qızların məktəbə getməsini yaxşı qarşılamır. Valideynlər guya bununla qızlarını kənar təsirlərdən qorumağa çalışırlar. Lakin qızların məcburi orta təhsildən ayrılması cəmiyyətdə bir sıra problemlərə, savadsız qadın ordusunun yaranmasına, erkən nikahlara, qadına qarşı zorakılığa şərait yaradır.” – deyən Ü.Abdullayeva bildirib ki, QLUİB Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili” layihəsinə start verib. Bu layihə çərçivəsində debatlar bu gündən etibarən açıq elan edilir. Sözügedən debatlara Demokratik İslahatlar Partiyası və onun sədri, millət vəkili Asim Mollazadə də yaxından dəstək verəcək. Debatlar davamlı olacaq və getdikcə daha çox insanı, təşkilatları və dövlət qurumlarını əhatə edəcək. Problemin həlli üçün cəmiyyətin bütün qüvvələri səfərbər ediləcək.

“Biz XXI əsrin “fatma-tükəzbanları”nı yetişdirmək niyyətində deyilik. Məqsədimiz qız uşaqlarının işıqlı gələcəyini təmin edə bilmək üçün onların orta məktəbdən başlayan təhsillərinə sonadək dəstək verməkdir. Eyni zamanda bu yolda əngəl olmağa çalışan insanları inandırmaq, maarifləndirməkdir”, – deyə QLUİB sədri əlavə edib.

Millət vəkili Asim Mollazadə çıxışında Azərbaycan qadınlarının tarixi missiyasını xatırladıb. O qeyd edib ki, İslam və Türk dünyasında tarixən lider olan Azərbaycan qadınlarının təhsil hüquqlarının məhdudlaşdırılması, gələcək inkişaflarının qarşısının kiçik yaşlardan alınması yolverilməzdir. “Qız uşaqlarının nəinki ucqarlarda, hətta ölkə paytaxtının yaxınlığında yerləşən ərazilərdə belə məcburi təhsildən yayındırılması böyük problemdir. Bu problem getdikcə daha da böyüyəcək. Bunun qarşısını təkcə inzibati metodlarla almaq mümkün olmayacaq. Odur ki, cəmiyyət bu istiqamətdə maarifləndirilməlidir. Cəmiyyətin qız uşaqlarına, qadınlara münasibəti dəyişməyincə, nə təhsilsizlik və ya yarımçıq təhsil problemini, nə qadına qarşı zorakılığı, nə də erkən evliliyi aradan qaldırmaq mümkün olacaq. Cəmiyyətin bu məsələylə bağlı müqavimətini təşkil etmək vacibdir. Bu istiqamətdə əsas yük məhz qeyri-hökumət təşkilatlarının, məktəblərin, müəllimlərin üzərinə düşür”, – deyə Asim Mollazadə bildirib.

Millət vəkili sözügedən layihəyə öz dəstəyini bu sözlərlə ifadə edib: “Biz də həm partiya, həm də parlamentdə mandat qazanmış qüvvə olaraq bu problemin həllinə dəstək verməyə həmişə hazırıq. Cəmiyyətin təşəbbüslərini dəstəkləyəcəyik və qaldırılan problemlərin həlli, təkliflərinin həyata keçməsi üçün həm parlament, həm də müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracağıq”.

Çıxış edən QHT rəhbərlərindən Yeganə Hacıyeva, Sevil Yusifova, Lətafət Əlizadə, təhsil işçilərindən Gülər Musayeva, Cavid Cəfərzadə, Aynur Zamanova, Aygün Məmmədova, Nəzakət Həsənova və digərləri mövcud problemlər, qanunvericilik, beynəlxalq təcrübə, həll yolları barədə fikir və təkliflərini səsləndiriblər. Debatın sonunda təkliflərdən ibarət paketin hazırlanması, müvafiq səlahiyyətli qurumlara verilməsi qərara alınıb. Həmçinin sözügedən problemin həlli məqsədilə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi, parlamentin müvafiq komitələri və ictimai təşkilatların üzvlərindən ibarət işçi qrupunun yaradılması ideyası səslənib. Bu istiqamətdə müvafiq danışıqların aparılması millət vəkili Asim Mollazadəyə və QLUİB-yə tövsiyə edilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər