1 İyul 2015 17:13
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ilk Avropa Oyunlarını təşkil etməklə özünün güclü, qonaqpərvər, sülhsevər, demokratik və tolerant dövlət olduğunu dünyaya nümayiş etdirib”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) iqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov bildirib.


Onun sözlərinə görə, Azərbaycan çox az zaman ərzində beynəlxalq və mötəbər tədbirləri təşkil etmək bacarığını göstərdi. A.Hüseynov deyib ki, “Bakı 2015” I Avropa Oyunları ilə Azərbaycan özünün milli dəyərlərini, mədəniyyətini, tarixini nümayiş etdirib və bununla ölkəmiz dünyada təbliğ olunub: “İlk Avropa Oyunları Azərbaycana siyasi üstünlüklər qazandırdığı kimi, həm də böyük iqtisadi faydalar verdi. Avropa Oyunları zamanı Azərbaycan öz iqtisadi maraqlarını da qoruyub. Avropa Oyunlarına görə bu il Azərbaycana xeyli sayda turist axını olub. Bütün bunlar isə ölkənin ayrı-ayrı sektorlarında müəyyən canlanma yaradıb. Hətta mən deyərdim ki, Avropa Oyunları Azərbaycanın gələcəkdə dünyada turizm ölkəsi kimi tanınması üçün zəmin yaradıb. Çünki ilk Avropa Oyunlarının açılışında bir çox ölkə başçıları da iştirak edib. Şübhəsiz ki, həmin heyət arasında xarici dövlətlərin aparıcı iş adamları da var idi. Azərbaycan bu oyunlar vasitəsilə onlar üçün yeni tapıntı idi. Yəqin ki, həmin iş adamları da bundan sonra Azərbaycana investisiya qoymağa maraq göstərəcəklər. Bunun sayəsində isə Azərbaycana gələn turistlərin sayı ildən-ilə daha da artacaq. Digər tərəfdən isə ölkəyə gələn gəlir əhalinin yaşayış səviyyəsinə müsbət təsir göstərəcək”.

A.Hüseynov qeyd edib ki, Avropa Oyunları dünyanın bütün qitələrində yayımlanıb: “Bu, Azərbaycanın dünyada tanınması demək idi. Dünya istər-istəməz Azərbaycanla tanış oldu, belə bir ölkəni yaxından tanımaq istəyi yarandı. Bütün bunlar bir daha sübut etdi ki, Avropa Oyunları Azərbaycanın imicini daha da yüksəldib. Bir sözlə, Birinci Avropa Oyunları çox möhtəşəm keçdi. Azərbaycan bu oyunları yüksək səviyyədə keçirməklə özünün beynəlxalq nüfuzunun daha da gücləndiyini sübut etdi”.


Müəllif: