23 İyul 2015 16:49
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riçard Hoqland: “Azərbaycan “Yeni İpək Yolu” layihəsində vacib rol oynayır”

ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland Azərbaycana səfərə gəlib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər zamanı R.Hoqlandın Azərbaycan rəsmiləri ilə görüşlər keçirib.

“Azərbaycan “İpək Yolu”nun inkişafında vacib rola malikdir”

Elə dünən xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqlandı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

R.Hoqland ölkəsinin “İpək Yolu”nun inkişaf etdirilməsi üzrə olan təşəbbüsləri dəstəklədiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə vacib rola malik olduğunu vurğulayıb. O, bu təşəbbüslərin həyata keçirilməsinin Avrasiya regionu boyunca sabitlik, çiçəklənmə və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

E.Məmmədyarov isə qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementi olaraq Azərbaycan tərəfindən nəqliyyat infrastrukturu imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir Bakı-Tiflis-Qars və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd edərək, Azərbaycanın tarixi “İpək Yolu”nun dəmir-yolu, quru, dəniz, hava və hətta informasiya və kommunikasiya seqmentlərinin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.

Görüşdə həmçinin Azərbaycan-ABŞ əlaqələrinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.

ABŞ rəsmisi münasibətlərdə yaranmış soyuqluğu şərh edib

R.Hoqland Azərbaycana səfəri ilə bağlı iyulun 23-də mətbuat konfransı keçirib. O əvvəlcə ABŞ-Azərbaycan münasibətlərində bir müddət əvvəl müşahidə olunan soyuqluğa münasibət bildirib. “Diplomatiya və beynəlxalq münasibətlər ailə münasibətləri kimidir. Bəzən hər şey çox yaxşı gedir, mehribançılıq olur, bəzən isə soyuqluq yaranır”. Bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland ABŞ-la Azərbaycan arasında bir müddət əvvəl müşahidə olunan soyuq münasibətləri şərh edərkən deyib. “Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin”, – deyə o bildirib.

“Səfərimin əsas məqsədi “Yeni İpək Yolu” məsələsini müzakirə etməkdir”

“Mən ABŞ tərəfinin “Yeni İpək Yolu” məsələsinə cəlb olunmuş nümayəndəsiyəm. Azərbaycana səfərimin əsas məqsədi Azərbaycanın xarici işlər naziri ilə “Yeni İpək Yolu” məsələsini müzakirə etməkdir”. Bunu da ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland deyib. “Azərbaycan Çindən Mərkəzi Asiya, Xəzər regionu və Türkiyəyə tranzit məsələsində çox mühüm rol oynayır”, – deyə o, söyləyib. O, Azərbaycanın bu layihədə vacib rol oynadığını vurğulayıb və layihənin böyük perspektivlərinin olduğunu qeyd edib.

“Əminliklə inanıram ki, ABŞ şirkətlərinin Azərbaycana investisiya yatırması davam edəcək”

“ABŞ şirkətləri özlərinin maraqlarına uyğun olduğu təqdirdə investisiya yatırır. Biz ötən zamanlarda Azərbaycana çox güclü investisiya yatırmışıq. Əminliklə inanıram ki, bu, gələcəkdə də davam edəcək”. Bunu da ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland deyib. “Ola bilsin ki, indiki dövrdə bu, nisbətən azalıb, lakin münasibətlərin gələcək inkişafı ilə ABŞ-ın Azərbaycana yatırdığı investisiyanın həcminin də artması mümkündür”, – deyə R.Hoqland bildirib.

“ABŞ Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdakı fəaliyyətinə inamını saxlayır”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesinə toxunan R.Hoqland deyib: “Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun Dağliq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki fəaliyyətinə inamını saxlayır”.

“Tərəflər bu məsələni qarşılıqlı anlaşma əsasında həll etməlidirlər”, – deyə R.Hoqland bildirib.

“İranla bağlı vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil”

Diplomat Bakıda İranın nüvə proqramına dair rəsmi Tehranla “altılıq” ölkələri arasında imzalanmış sazişə də toxunub. O deyib ki, İranın nüvə proqramına dair imzalanan sənəd tarixi sənəddir. ABŞ dövlət katibinin köməkçisinin baş müavini bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi 6 ay ərzində bu sənədin texniki aspektlərinə baxacaq: “Hələlik sanksiyalar aradan qaldırılmayacaq, bu prosesə altı aydan sonra başlana bilər”.

ABŞ rəsmisi əlavə edib ki, vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil: “Sözsüz ki, iqtisadi dəyişikliklər olacaq, ümid edirik ki, bu dəyişikliklər müsbət yöndə gerçəkləşəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər