Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası olub. İclasda seçki hazırlığı müzakirə olunub.
BAXCP sədrininin ictimai-siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı Teleqraf.com-a açıqlamasında bildirib ki, partiya seçkilərə də çox ciddi şəkildə hazırlaşır: “Çalışacağıq ki, 125 dairənin böyük əksəriyyətinddən namizəd irəli sürək. Xeyli namizədimiz bəllidir və bu siyahı artmaqdadır. Yaxın zamanlarda partiyamızın namizdərlərinin kimlər və hansı dairədən irəli sürülməsinin şahidi olacaqsınız”.
Onun sözlərinə görə, BAXCP-nin bu il keçiriləcək seçkilərdə əsas şüarı “Dördünücü Respublika”nın qurulması olacaq: “Bilirsiniz ki, 2013-cü ildə bizim liderimiz prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçkidə əsas şüarı “Dördünücü Respublıka”nın qurulması idi. Yəni, biz fikirləşirik ki, növbəti prezident seçkilərinə, yəni 2018-ci ilə qədər konstitusion islahatlar aparılmalıdır. Ölkə parlamentli idarəetməyə keçməlidir. Altıncı çağrışa qədər 50 faiz proporsional seçki sistemi və 50 faiz isə mojaritar seçki sistemi ilə formalaşmalıdır. Bundan sonra isə parlament tam proporsional seçki sistemə keçməlidir. Həmçinin də höküməti parlamentdə qalıb gələn partiya formalaşdırmalıdır. Biz bir partiya olaraq cəmiyyətdə uzun illərdi ki, bu sistemə keçidin tərfadarı kimi çıxış edirik. Və bütün seçkilərdə də bunu əsas şüarımız kimi götürürük. Diqqətinizə çatdırım ki, hələ 2007-ci ildə BAXCP parlament üsul-idarəsinə keçidlə bağlı partiyalararası geniş ictimai müzakirə təşkil etmişdi. Bir çox partiya rəhbərlərinin, o cümlədən indki Müsavat başqanı olan Arıf Hacılı da müzakirələrə qatılıb. Partiya rəhbərlərinin böyük əksəriyyəti təklifimizi dəstəkləyib”.
N.Orduxanlı deyib ki, təkliflərdən 2 il sonra qonşu Gürcüstan parlamentli idarəetməyə keçdi: “Artıq bu gün Ermənistanda da bunu müzakirəyə çıxardıblar və onlar da parlament üsul-idarəetmənin tərəfdarı kimi görünürlər. Düşünürəm ki, BAXCP tək Azərbaycanda deyil, Cənubi Qafqazda ən parlaq partiyalardan birinə çevrilib. Liderimizin apardığı rasional siyasət nəticəsində biz buna nail olmuşuq. Bu seçkidə də çalışacağıq ki, xalqdan ideyalarımızın gerçəkləşməsi üçün səs alaq. İnanıram ki, BAXCP bu seçkidə ciddi uğur qazanacaq”.
BƏXTİYAR