Rusiyanın hərbi texnikanı, xüsusilə də, tankları Suriyaya göndərməsi beynəlxalq qalmaqala səbəb olub. ABŞ rəsmiləri rus tanklarının Suriyanın Lazkiyə şəhərində yerləşən hərbi bazasında mövqe tutduqlarını açıqlayıb. 7 ədəd T-90 tipli döyüş tankı Lazkiyə yaxınlığındakı hərbi bazada görünüb. Bundan başqa yayılan xəbərlər arasında Rusiyanın bölgədə artilleriya qüvvələri yerləşdirdiyi də var. ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın bu addımı Əsəd rejiminə qarşı formalaşmış koalisiyanın maraqlarına kəskin ziddir və bunun cavabı veriləcək.
Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya hərbi texnikasının Suriyaya daxil olması böyük fəlakətlərə yol açacaq. Koalisiya qüvvələri buna göz yummayacaq. Artıq koalisiyaya qoşulan ölkələrin sayı 20-ni keçib. Rusiyanın Suriyada aktiv hərbi iştirakı İranla razılaşdırılıb. Hər iki ölkə Suriyadakı proseslərdə fəal rol oynayırlar. Onlar İŞİD-ə qarşı mübarizə adı altında Əsəd rejiminə dəstək verirlər. Dünyadan təcrid olunan Rusiya öz hərəkətləri ilə bu prosesi daha da sürətləndirir. Əgər Kreml Suriyada dünya dövlətlərinin maraqlarına zidd hərəkət eləsə, ən ağır formada bunun cavabını alacaq. Bu, lokal qarşıdurmalara, Rusiyaya qarşı yeni sanksiyalara gətirib çıxara bilər. Rusiyanın Suriyaya qoşun yeritməsi bütün dünyada gərginliyə səbəb olacaq. Rusiya getdikcə, özünü dünyadan daha da təcrid edir.
Suriyada hərbi münaqişənin uzanmasının səbəblərinə də toxunan politoloq bildirdi ki, Qərb Əsədin hakimiyyətdən getməsi üçün çox az səy göstərir: "Görünən odur ki, Qərb sanki Suriyada müharibənin bitməsində maraqlı deyil. Yalnız hava hücumlarından istifadə etməklə Suriyada nəticə əldə etmək mümkün deyil. Qərb Əsədin getməsini istəyirsə, mütləq yerüstü hərbi əməliyyatlara başlamalıdır. Bu məsələdə ABŞ ilə Türkiyə arasında müəyyən razılaşma olmuşdu, amma son dövrlər PKK-nın fəallaşması bu planı alt-üst etdi. Suriyada təhlükəsiz bölgə yaradılması ideyası təxirə düşdü. Amma yaxın vaxtlarda biz Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı və Qərb dövlətlərinin Suriya ilə bağlı yeni planlarının şahidi olacağıq".
Ayxan