8 Oktyabr 2015 11:02
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanı Arif Hacılının oktyabrın 6-da bir illik başqanlıq fəaliyyəti ilə bağlı keçirdiyi mətbuat konfransına “Ağ Blok”un rəhbəri, partiyanın keçmiş sədr müavini Tural Abbaslı münasibət bildirib.

Qeyd edək ki, Abbaslı bir müddət əvvəl təklif etmişdi ki, Hacılı başqanlığının bir illiyi ilə bağlı gördüyü işlərə dair hesabat verməlidir. Ancaq görünən budur ki, Arif Hacılının mətbuat konfransı “Ağ Blok”un təsisçisini razı salmayıb.

T.Abbaslı deyib ki, Arif Hacılı, əslində, seçkilərlə bağlı mətbuat konfransı təşkil edib: “Düzdür, elan etmişdilər ki, yeni başqan bir illik fəaliyyəti ilə bağlı jurnalistlərin qarşısına çıxacaq. Amma o, yalnız seçkilərlə bağlı danışdı. Şəxsən mən keçmiş Divan üzvü, indiki sıravi müsavatçı olaraq gözləyirdim ki, bir illik fəaliyyətinə dair hesabat versin. Təəssüf ki, bunu müşahidə etmədik. Mənim üçün hesabat maraqlı idi. Çünki son bir ildə Müsavat ancaq geriyə gedib”.

Tural Abbaslı qeyd edib ki, mətbuat konfransında Arif Hacılı bir illik fəaliyyətinin üzərindən sükutla keçib, epizodik olaraq bəzi fikirlər işlədib: “Deyib ki, üç rayon təşkilatını və Qadınlar Birliyini qurublar. Ancaq güclü qadınlar təşkilatını buraxıb, 30 nəfərdən ibarət təşkilat qurmaq və yarandığı gündən indiyə qədər heç bir fəaliyyəti olmayan qadınlar birliyindən danışmaq gülüncdür. Müsavatın beynəlxalq əlaqələri gücləndirdiyi haqda fikri olub. Bunu deyəndə Müsavatın Avropa Liberal Partiyanın üzvü olduğunu nəzərdə tutur. İsa Qəmbərin zamanında da Müsavat bu təşkilatın üzvü olub. Yəni, beynəlxalq əlaqələri gücləndiririk deyəndə nəyi nəzərdə tutub? Və ya bu günə qədər Müsavatın Gənclər Təşkilatı qurulmayıb. Suraxanı rayon təşkilatı kimi ən güclü təşkilatı buraxdılar və yerinə zəif bir təşkilat qurdular. Yəni, yüzlərlə müsavatçıdan imtina edib 18 müsavatçıdan ibarət təşkilat qurdular. Zəngilan təşkilatını buraxıblar, amma bərpa edə bilməyiblər. Gəlişi gözəl sözlər yaxşıdır, amma real iş görmək başqa məsələdir. Bunlar real iş görməyiblər. Normalda isə bütün bu məsələlər debatda aydınlaşa bilər. Əgər belə arxayındırlarsa, gəlib bir illik fəaliyyətlərini debat şəklində ictimaiyyətə çatdırsınlar. Bu, sadaladığım bir neçə məqamdır. Buraya Müsavatın mitinq biabırçılığı, saxta arayışların verilməsi, Divan adına ədalətsiz qərarları əlavə edə bilərik. Bunlara aydınlıq gətirilməlidir. Daha iki cümlə deməklə öz fəaliyyətini bitirmiş hesab etmək olmaz. Müsavatdan onlarla tanınmış sima gedib. Onların yerini bir ildə necə doldurublar. Buyurub bu haqda danışsınlar. Biz Arif Hacılıdan real hesabat gözləyirik”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər