Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunun layihəsinin müzakirəsi davam etdirilir.
Teleqraf.com-un xəbərinə görə, iclasda deputatlar büdcə layihəsi ilə bağlı təkliflərini irəli sürüb.
Deputat Rafiq Məmmədhəsənov deyib ki, 2015-ci il dünya iqtisadiyyatlında qeyri-sabitlik müşahidə olunub, neftin qiyməti kəskin sürətlə aşağı düşüb: "Bu da neft ölkələrinə ciddi təsir edib, devalvasiya prosesləri baş verib. Məhz bu səbəbdən də 2015-ci il büdcəsi ilə müqayisədə 2016-cı il büdcəsi azdır. Ancaq 2016-cı ilin dövlət büdcəsi sosial yönümlüdür. 2016-cı ildə səhiyyəyə 745 milyon manat ayrılıb. Bunun 100 milyondan çoxu irsi qan xəstəliyi, şəkərli diabet, talassemiya və digər xəstəliklərlə bağlı tədbirlərə sərf ediləcək. Eləcə də pensiyalar, sosial yardımlara ayrılan vəsait göstərir ki, büdcə sosial yönümlüdür. Odur ki, büdcənin lehinə səs verəcəyəm".
Deputat Jalə Əliyeva büdcənin yüksək peşəkarlıqla hazırlandığını qeyd edib. O, bildirib ki, aztəminatlı ailələrin mənzil probleminin həlli üçün sosial evlərin tikilməsi, ipoteka sənədlərinin sadələşdirilməsi vacibdir: "Dövlətimizin qüdrəti bu layihələri həll etməyə qadirdir. Seçicilərimin bir xahişini də qeyd etmək istəyirəm. Zərdabda qaz çəkilişi işləri yarımçıq qalıb. Qarşıdan qış mövsümü gəlir. Hökumətimizdən bu məsələyə dəstək verməsini xahiş edirəm".
Deputat Eldar İbrahimov qeyd edib ki, büdcə zərfi ilə tanışılıq göstərir ki, büdcə şəffaf hazırlanıb: “Əlbəttə, neftin qiymətinin aşağı düçməsi, Yaxın Şərqdə baş verənlər iqtisadiyyata zərbə vurur. Lakin Azərbaycan hökuməti müəyyən tədbirlər görüb. Büdcə gəlirləri və xərcləri azalsa da, sənəd sosial istiqamətlidir. Kənd təsərrüfatı daima prezidentin diqqətindədir. Bu sahə əsas prioritet elan edilib. Kənd təsərrüfatının inkişafı vacibdir. Biz çalışmalıyıq ki, özümüzü bütün zəruri ərzaq məhsulları ilə təmin edək. Son illər büdcədən kənd təsərrüfatına ayrılan vəsaitlərin artması da bunu göstərir".
"Əlillərə baş çəkirəm"
Millət vəkili Göhər Baxşəliyeva çıxışı zamanı bildirib ki, imkan düşdükcə, əlillərə baş çəkir. Onun sözlərinə görə, bir çox ailələrdə əlil uşaq doğulanda ata ailəni tərk edir: "Ailədə uşaq əlil olanda bəzən ata dözmür və çıxıb gedir, qadın uşaqla tək qalır. Qadın bir neçə müddət onu müalicə edir, amma o işlə uşağa baxmağı çatdıra bilmir və nəticədə uşağı uşaq evlərinə verir. O, dövlətdən müəyyən müavinət alır. Bu azlıq edir. İmkan olanda əlil uşaqlara, əlil insanlara baxan ailə üzvlərinə verilən müavinəti artırmalıyıq”.
"Neft-kimya sənayesində inkişaf davam etdirilməlidir"
Abel Məhərrəmov qeyd edib ki, plenar iclasda 2 gündür ki, büdcə zərfi müzakirə edilir: “Çıxışlarda və təkliflərdə bir parallel gördüm. Baxmayaraq ki, 2016-cı il büdəcsi bir qədər aşağıdır, amma çıxış edənlər milli təəssübkeşliklə gözəl paralellik yaratdılar. Bu göstərir ki, milli birlik var, büdcə bir qədər aşağı düşəndə kəçi bir yerə vura bilirik. Bunu xalq və prezidentin birliyi kimi də qiymətləndirmək olar. Büdcə layihəsi milli maraqları özündə əks etdirir. Biz 2012-ci ildə dünyada on ikinci dövlət olaraq süni peykimizi göyə qaldırdıq. Əlbəttə, arxayın olmamalıyıq, daha ciddi işləməliyik. Beynəlxalq qrantlardan pul almalıyıq. BDU elmi təhqiqatlarının nəticəsində müəyyən maliyyə əldə edə bilir. Məncə, neft-kimya sənayesində inkişaf davam etdirilməlidir. Ali təhsil müəssisələrində aparılan elmi təhqiqat işləri maliyyələşdirilməlidir”.
"Oponetlərimiz iddia edirlər ki..."
Komitə sədri Şəmsəddin Hacıyev deyib ki, parlament komitələrinin birgə iclasında büdcə müzakirə edilib: “Mükəmməl və elmi baxımdan əsaslandırılan sənəddir. Dünyada baş verən proseslər dəqiqliklə nəzərə alınıb, qarşıdakı 3 illə bağlı proqnozlar verilib. İstərdim ki, verilən proqnozlar 2020-ci ili də əhatə etsin. İqtisadi inkişafımız xarici proseslərdən asılıdır. Neft bazarında baş verən proseslər, habelə region ölkələrində baş verən hallar bizi məcbur etdi ki, devalvasiyaya gedək. Nəticədə büdcə gəlirləri, xərcləri azaldı. Bəzən bunu rəqiblərimiz iqtisadiyyatda tənəzzülün başlandığı kimi qələmə verməyə çalışırlar. Bu qəbuledilməzdir. İndi baş verənlər obyektiv proseslərin nəticəsidir. Ümid edirik ki, yaxın 2 ilə dünya bazarında proseslər sabitləşəcək. Büdcə sosial yönümünü saxlayıb. Müdafiə, təhsil və elmə ayrılan vəsaitlər artıb”.
Deputat Siyavuş Novruzov isə təklif edib ki, müzakirələr dayandırılsın, hökumətə vaxt verilsin ki, təklifləri nəzərdən keçirsin.
Nemət