20 Oktyabr 2015 11:38
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: “Türkiyənin istəyi daha çox güzəştlərə nail olmaqdır”

Almaniya Türkiyənin Avropa İttifaqına üzvlüyünü sürətləndirmək barədə söz verib. Bu barədə İstanbulda səfərdə olan Almaniya kansleri Angela Merkel Əhməd Davudoğlu ilə keçirdiyi birgə mətbuat konfrasında bildirib: “Biz Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesini dinamikləşdirmək, iqtisadi və pul siyasəti məsələlərini nəzərdə tutan 17-ci maddə üzrə danışıqlara başlamaq istəyirik. Digər maddələr üzrə müzakirələr isə sonra aparılacaq”.

Türkiyənin baş naziri Əhməd Davudoğlu öz növbəsində 2016-cı ilin iyuluna qədər Avropa İttifaqı ölkələri ilə viza rejiminin aradan qaldırılacağına ümid etdiyini bildirib. Bu vaxt ərzində isə readmissiya haqda razılaşma (Avropa İttifaqı ölkələrinə onun ərazisi vasitəsilə qanunsuz yolla gələn üçüncü ölkə vətəndaşlarının Türkiyə tərəfindən qəbul edilməsi) qüvvəyə minəcək.

Ə.Davudoğlu Avropa İttifaqının miqrant probleminin həllinə yardım etməli olduğunu qeyd edib: “Beynəlxalq ictimaiyyət qaçqın böhranı ilə birgə məşğul olmalıdır. Bu isə Suriyadakı vəziyyət tənzimlənmədən mümkün deyil. Qeyri-qanuni miqrasiya ilə mübarizə bizim Almaniya ilə əməkdaşlığımızda vacib yerlərdən birini tutur”.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, Almaniya kansleri Angela Merkel qaçqınlar məsələsi ilə bağlı Avropa Birliyi adından Türkiyə ilə danışıqlar aparır. Onun sözlərinə görə, Avropa Birliyindən Türkiyəyə yardımların ayrılması qarşıya məqsəd qoyulub: “Çünki qaçqınları Türkiyənin sərhədi boyunca yerləşdirmək və onların bütün xərclərini qarşılamaq Avropaya daha çox xeyirlidir, nəinki bu qədər miqrantın Avropaya gəlib qarmaqarışıqlıq yaratması. Türkiyə demək olar ki, bu təklifə hazırdır. Amma bir şərtlə ki, onun Avropa Birliyinə daxil olması məsələsində proses sürətləndirilməlidir. Bunun üçün Avropa tərəfi Türkiyə vətəndaşlarına Avropaya vizasız getmək haqqında güzəşt edəcəyini bəyan edib. Yəni, Türkiyənin istənilən vətəndaşı “Şengen zonası”na daxil olan hər bir ölkəyə vizasız gedə bilər. Amma Türkiyənin istəyi daha çox güzəştlərə nail olmaqdır. Ona görə də danışıqlar mürəkkəb olacaq. Danışıqlar həm qaçqınların axınının dayandırılması, həm də Türkiyənin Avropaya inteqrasiyası istiqamətində gedəcək”.

Q.Hüseynli deyib ki, Almaniya özü həmişə Türkiyənin Avropa Birliyinə daxil olmasına mane olub: “Amma bu gün ən çox mane olan Fransadır. Elə bu günlərdə Fransa prezidenti Olland bəyanat verərək bildirdi ki, Türkiyənin Avropa Birliyinə girməsinə hələ çox var. Yəni, fransızlar türklərə qarşı çox millətçi və barışmaz mövqedədirlər. Hətta Türkiyənin Suriya ilə bağlı ağırlıqları çiyninə götürdüyü bir zamanda Fransa Türkiyəyə qarşı ikili siyasətindən əl çəkmir. Amma indi vəziyyət elədir ki, Türkiyə böyük bir sipər rolunu oynayır. Əgər bu sipər müqavimət göstərməsə, Avropa ölkələri miqrant axını içərisində itib-bata bilər. Ona görə də Türkiyə bir yandan çətin yükü öz üzərinə götürməyə hazır olduğunu bəyan edir, eyni zamanda Avropa Birliyindən güzəştlər gözləyir”.

Politoloq Natiq Miri qeyd edib ki, Türkiyənin Avropa Birliyinə üzv olması fikri dəyişməyib. Onun sözlərinə görə, sadəcə bu gün Avropa qitəsinin Türkiyəyə ehtiyacı yaranıb: “Bu da Yaxın Şərqdə gedən xaosdan bezib öz evlərini tərk edən milyonlarla insanın köçkün vəziyyətdə Avropaya axını ilə bağlıdır. Birdən-birə Avropa humanitar faciə ilə qarşılaşdı. Təbii ki, Avropa buna hazır deyildi. Hazırda bu qitəni humanitar faciə ilə üz-üzə qoyan güc mərkəzləri də var və onlar həmin bu ağırlığı Avropanın öz çiynində hiss etməsini istədilər. Belə olan halda Avropa birdən-birə hiss etdi ki, Suriyanın qonşusu olan Türkiyə indiyədək hansı əziyyətlər, maliyyə problemləri, çətinliklər yaşayıb. Buradan da Türkiyənin Avropa üçün önəmi artmağa başladı. Çünki indiki şəraitdə məhz Yaxın Şərqdən, xüsusilə Suriyadan köçkünlərin qarşısını ala biləcək yeganə güc, ölkə Türkiyə ola bilər. Ona görə də dərhal Ərdoğanın Avropaya səfəri gerçəkləşdi və bu yöndə müəyyən siyasi bazarlıqlar olundu. Prinsipial mənada bazarlıqlar olundu, ancaq bunun detallarının aydınlaşması və yeni bir yol xəritəsinin dəqiqləşdirilməsi üçün Avropa siyasətinin ən ağır “top”larından biri Merkelin Türkiyəyə göndərilməsi qərara alındı. Merkelin Türkiyəyə səfəri birbaşa siyasi bazarlıq etmək üçün idi. Təbii ki, Avropanın maraqları olduğu kimi Türkiyənin də var. Çünki söhbət qaçqınları Türkiyə tərəfindən qarşısının alınmasından gedirsə, demək ki, Türkiyə onları öz ərazisində yerləşdirməlidir. Rusiyanın müdaxiləsindən sonra Suriyada əməliyyatlar daha da şiddətlənib və buna görə də yeni köçkün dalğasının Türkiyəyə gəlmə ehtimalı böyükdür. Bunun müqabilində Türkiyəyə maliyyə vəsaiti ayrılmalıdır və bu istiqamətdə konkret razılığa gəlinib. Təxminən 2 milyard avro verilməsi planlaşdırılıb. Eyni zamanda Türkiyə vətəndaşlarının vizasız Avropaya gediş-gəliş məsələsi idi ki, bununla da bağlı müzakirələr aparılır və 2016-cı ildən başlayaraq onun tətbiqi baş tutacaq. Ən nəhayət, Türkiyənin Avropa Birliyinə üzv məsələsində yeni bir səhifə açılacaq. Bununla bağlı Merkel Türkiyədə açıqlama da verdi, baxmayaraq ki, bir müddət əvvəl bunun əksi olaraq Almaniyanın fikrini hələ dəyişmədiyini qeyd etmişdi”.

N.Miri deyib ki, Avropada siyasət məhz real vəziyyətlə müəyyənləşir. Onun sözlərinə görə, hazırki məqamda bütün sahələrdə Türkiyəyə ehtiyac yarandığı üçün Avropa müəyyən güzəştlərə getmək haqda qərar qəbul edib: “Düşünürəm ki, hər bir halda Avropa Birliyi ilə Türkiyənin yaxınlaşması yeni bir eranın başlanması anlamına gəlir. Bu yaxınlaşma həm Türkiyə, həm region dövlətləri, xüsusilə, Azərbaycan üçün gəlcək baxımından müsbət elementlər vəd etdiyini düşünürəm. Gələcəkdə Türkiyə vasitəsilə Azərbaycanın Avropaya inteqrasiyası sürətlənə bilər. Bu kontekstdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət irəliləyişlərin olması istisna olunmur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər