“Neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk”.
Bunu Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada Azərbaycana bərabər ikinci ölkə yoxdur.
"Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk”, deyə İlham Əliyev bildirib.
Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesinin 10 faizdən çox artdığını deyən dövlət başçısı qeyd edib ki, ÜDM təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb:
“Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək”.
İlham Əliyev onu da bildirib ki, Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi həyata keçiriləcək və beləliklə, Bakıda çox gözəl, böyük, haradasa 700-800 hektar sahədə göl yaradılacaq.
Dövlət başçısının sözlərinə görə, gələcəkdə o gölün ətrafında yaşayış yerləri, yeni parklar salınacaq: “Yəni, o ölü bir yeri biz insanlar üçün diriltdik və dirildirik”.
Prezident İ. Əliyev Zığ gölünün də yaxın zamanlarda təmizlənəcəyini bildirib: “O ərazini də tamamilə yaşıllaşdıracağıq və əhalinin sərəncamına verəcəyik. Bir daha deyirəm, biz bunları ona görə edirik ki, buna ehtiyac var. Bizim böyük problemlərimiz ondan ibarətdir ki, 100 ildən artıqdır Bakıda neft sənayesinin yaratdığı fəsadları aradan götürməliyik. Bibiheybət neft mədənləri – o bir ekoloji fəlakət mənzərəsi idi. Adam ona baxanda, dəhşətə gəlirdi. İndi ora baxanda adam gözəl, abad mənzərə, ağaclar, parklar görür. Orada su idmanı kompleksi tikilib, birinci Avropa Oyunlarının yarışlarının bir hissəsi orada keçirilib, bulvar, qazonlar, parklar salınıb. Hətta indi buruqlara o qədər gözəl xidmət göstərirlər ki, onlar da artıq gözəl mənzərənin bir elementlərinə çevrilib”.