ATƏT-in Minsk qrupu həmsədrləri növbəti dəfə regiona səfər ediblər. Amma işğal altındakı ərazilərdən Azərbaycana keçən həmsədrlər gözlənilmədən ermənilərin atəşinə məruz qalıb. Bu hadisə özü Ermənistan tərəfinin dəfələrlə atəşkəsi kobud şəkildə pozmasına bir sübutdur.
Eyni zamanda, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə görüşü zamanı azərbaycanlı köçkünlərin 20 ildən artıqdır əziyyət çəkdiyini vurğulayan Minsk qrupu həmsədrləri, onların tezliklə öz torpaqlarına qayıtmasının vacibliyini qeyd ediblər.
Hər iki faktın özü Ermənistanın bir daha işğalçı olmasının, sülh danışıqlarına zərbə vurmasının və münaqişənin həll olunmasında maraqlı olmamasının səbəbi deyilmi?
Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev bildirib ki, belə monitorinqlər vaxtı ermənilər tərəfindən atəşkəsin pozulması birinci dəfə deyil. Onun sözlərinə görə, ermənilərin əsas məqsədi sülh danışıqlarını pozmaq və Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamaqdan ibarətdir: “Bundan əlavə, belə vaxtlarda həm də sərhəd rayonlarda atəşkəs pozulur və ermənilər bunun Azərbaycan ordusu tərəfdən edildiyini bildirirlər. Yəni, bu, gözlənilən bir hadisədir”.
A.Nağıyev qeyd edib ki, ümumiyyətlə, bu gün qaçqınlarla bağlı məsələlər qəsdən ortaya atılıb. Onun sözlərinə görə, bu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin çıxışlarında daha çox səslənir: “Məlumdur ki, ATƏT tərəfindən razılaşdırılan Madrid prinsipində bu öz əksini tapıb və ərazi bütövlüyü məsələsindən sonra ikinci müddəadır. Bunun üçün əvvəlcə işğal olunmuş ərazilər boşaldılmalı, minalardan təmizlənməli və bir sıra təhlükəsizlik işləri görülməlidir, sonra isə qaçqınların hər iki tərəfdən qayıtmaq məsələsinə baxıla bilər və indiki şəraitdə çox çətin olsa da, öz həllini tapa bilər. Bu gün isə bu problemi ortaya atmaq məsələnin həllinin uzanması deməkdir”.
Politoloq Natiq Miri deyib ki, atəşkəsin həmsədrlər cəbhədə olanda belə pozulması məsələnin mahiyyətini dəyişmir: “Çünki ATƏT-də cəzalandırma mexanizmi ilə bağlı heç bir vasitə yoxdur. Elə bir "dişsiz" qrupdur ki, hətta günahkar olsa belə, qərarın qəbulunda istənilən bir ölkə veto hüququndan istifadə edirsə, verilən qərar keçərli olmur. Üstəlik, monitorinq qrupları hansısa siyasi qrupların mənafelərinə xidmət edən bir şəbəkədir. Həmsədrlər hər dəfə bölgəyə, xüsusilə Ermənistana, Azərbaycana gələndə gözəl otellərdə qalır, yaxşı yeməklər yeyirlər. Onların əsas məqsədi atəşkəsin qorunub saxlanmasıdır. Çünki indiki halda Dağlıq Qarabağ probleminin həlli məsələsi dünya güclərinin prioriteti deyil. Bu gün dünyanın gündəmi Suriyadır və bu baxımdan Qarabağ məsələsi gündəmdə deyil. Sadəcə olaraq, indiki geosiyasi maraqlar atəşkəsin qorunmasına xidmət edir. Bu baxımdan həmsədrlərin sərhədi keçərkən ermənilərin atəş açması məsələsi heç nəyi dəyişəsi deyil. Şifahi olaraq bu dilə gətirilə bilər, ancaq mahiyyət etibarı ilə Ermənistana, yaxud da qondarma Dağlıq Qarabağ hərbi xuntasına bu istiqamətdə hər hansı ciddi təzyiqlərin olacağını düşünmürəm. Ona görə də hesab edirəm ki, bu səfərlər növbətçi bir səfərdir".
N.Miri qeyd edib ki, münaqişənin həll olunması üçün məsələyə yanaşma tərzi dəyişməlidir: “Madrid prinsiplərinin həyata keçirilməsi üçün xüsusi mexanizmlər mövcud deyil. O mənada ki, Ermənistan bu məsələnin kompleks həll olunmasını istəyir. Yəni, Ermənistan Dağlıq Qarabağın statusunu müəyyənləşməsini qaçqın və köçkünlərin geri qaytarılması ilə birgə həll olunmasına çalışır. Bu məsələnin kompleks həllidir ki, bunun da 15-20 il sonra veriləcək qərarın yanlış olması ilə bağlıdır. Yəni, 15-20 ildən sonra Dağlıq Qarabağdakı ermənilərin Ermənistanın tərkibində, yaxud da müstəqil şəkildə yaşayıb-yaşamayacağını indidən müəyyən etmək qeyri-mümkündür. Çünki həmin müddətdən sonra erməni etnik qrupu Azərbaycanda elə bir iqtisadi inkişafla qarşılaşa bilər ki, onların müstəqil yaşamasına lüzum qalmaz. Faktiki, Dağlıq Qarabağın hansı inkişaf strukturları, mexanizmləri, yaxud da təbii ehtiyatları var ki, onlar Azərbaycanda ayrılıqda daha güclü iqtisadiyyata malik olsunlar. Ona görə də məsələni indidən həll etmək mümkün deyil. Bu məsələ mərhələli həll olunmalıdır və Azərbaycan tərəfi bunu təklif edir. Ancaq Ermənistan tərəfi bunu qəbul etmir. Köçkünlərin geri qaytarılması məsələsi mərhələli həll planını vacib edir. Lakin bunu həmsədrlər Ermənistana qəbul etdirə bilirmi? Bilmir. Ona görə də bu yöndə Ermənistana hər hansı bir siyasi təzyiq olmur. Bu səbəbdən də həmsədr dövlətlərin dilə gətirdiyi bu məsələ nə qədər müsbət və həssas məsələ olsa belə, bunların həyata keçirilmə mexanizmləri yoxdur və boş sözdən başqa bir şey deyil”.
BƏXTİYAR