Mahmud Məmmədquliyev: “İşğal və etnik təmizləmə siyasəti Ermənistanla iqtisadi əlaqələrin yaradılmasını mümkünsüz edib”
Rumıniyanın paytaxtı Buxarestdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 33-cü iclası keçirilib. Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.
İclasa sədrlik edən Rumıniyanın xarici işlər naziri Lazar Komanesku QDİƏT-də Rumıniyanın sədrliyi dövründə görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat verərək təşkilatın və onun əlaqəli qurumlarının səmərəliliyinin artırılması zərurətini vurğulayıb. Qara dəniz regionunda iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayan nazir qeyd edib ki, QDİƏT bu əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli platformadır.
QDİƏT Daimi beynəlxalq katibliyinin baş katibi Maykl Kristides 2015-ci ilin ikinci yarısı üzrə Tərəqqi Hesabatını təqdim edib. O, həmçinin dünyada baş verən siyasi proseslər və iqtisadi böhran fondunda təşkilatın fəaliyyətinin artırılmasının önəmini qeyd edib. QDİƏT üzv dövlətlərinin təşkilatın fəaliyyətindən gözləntilərinə cavab verilməsinin əhəmiyyətini diqqətə çatdıran baş katib hazırkı dövrdə təşkilatın potensialından daha aktiv şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rumıniyanın təşkilata sədrliyi dövründə QDİƏT-in səmərəliliyinin artırılması istiqamətində görülmüş işlərin Azərbaycan tərəfindən müsbət qarşıladığını və qiymətləndirildiyini bildirib. Regiondakı bəzi dövlətlərin əsassız ərazi iddiaları nəticəsində meydana çıxan silahlı münaqişələrin iqtisadi əlaqələrin genişləndirilməsi və onların səmərəliliyinin artırılması baxımından ən ciddi maneə olduğunu vurğulayan nazir müavini qeyd edib ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən etnik təmizləmə siyasəti bu ölkə ilə iqtisadi əlaqələrin yaradılmasını mümkünsüz edib. Bu baxımdan Ermənistan tərəfinin beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq öz işğalçı siyasətini davam etdirməsi, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması xüsusi vurğulanmalıdır.
Səxavət