Azadlıq Partiyasının sədri Əhməd Oruc yanvar 31-də müxalif partiyalar arasında baş verən insidentdən danışıb. Məlub olub ki, hadisə Novxanıda M.Ə.Rəsulzadənin abidəsini ziyarət edən zaman baş verib.
Ə.Oruc bildirib ki, onlar Novxanıda Müsavata güzəştə gedib, lakin qarşı tərəf bunu anlamayıb: “Biz ora getdik, himni oxuyandan sonra Müsavat Partiyası qəfildən bura gəldi. Lakin mikrofon onların olduğuna görə bu tədbiri özlərinin aksiyası kimi qələmə verdilər. Biz də bir qədər tolerantlıq nümayiş etdirərək bu aksiyada sona qədər dayandıq. Baxmayaraq ki, onlar əvvəldən sona qədər aksiyanın Müsavatın olduğunu elan etdilər. Müsavat başqanı Arif Hacılı hətta iki dəfə çıxış etdi. Az qala müəllim və tələbələrini də təqdim etdilər, hər şeydən danışdılar. Ancaq burada iştirak edən siyasi partiyaların adını çəkməkdə qısqanclıq nümayiş etdirdilər”.
Əhməd Oruc əlavə edib ki, Müsavat gəlib onlara qoşulduqdan sonra heç partiya sədrlərinə söz də verilməyib: “Biz də xüsusi olaraq söz istəmədik. Çünki bu aksiyalarda dəfələrlə çıxış etmişəm. Demişəm ki, burada kimlərinsə tarix dərsi açmasına ehtiyac yoxdur. Təəssüflər olsun ki, ciddi çıxışlar olmadı. Tarixçilərin və araşdırmaçıların hesabına ənənəvi olaraq Rəsulzadənin fəaliyyəti ətrafında bizim xırda liderlərimiz daldalanmağa cəhd etdilər. Təəssüf ki, bu acı həqiqətdir”.
Xatırladaq ki, qəzetimiz bir neçə gün əvvəl qeyd etmişdi ki, Milli Şura, Müsavat və Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi Novxanıda tədbirlərini eyni günə və eyni saata salıblar, bu isə adı çəkilən partiyalar arasında arzuedilməz vəziyyətin yaranmasına səbəb ola bilər.
Nemət