4 Fevral 2016 13:41
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət qeydiyyatından keçən, lakin fəaliyyət göstərməyən siyasi partiyaların qeydiyyatı ləğv edilə bilər. Milli Məclisin son sessiyası zamanı da bu məsələ gündəmə gəlmişdi.

Ötən gün isə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bir daha bu məsələyə toxunub. Komitə sədri deyib ki, Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınan siyasi partiyalar fəaliyyət göstərmirsə, qeydiyyatı, rekvizitləri ləğv olunmalıdır. Onun sözlərinə görə, bu, dünyanın bir çox ölkələrində var. Bəzi ölkələrdə siyasi partiya iki ildən artıq fəaliyyət göstərmirsə, qeydiyyatı ləğv olunur: "Azərbaycanda hər bir siyasi partiya gəlirləri ilə bağlı illik maliyyə hesabatı verməlidir. Bu, "Siyasi partiyalar haqqında" Qanunda da nəzərdə tutulub. İllik maliyyə hesabatının açıqlanması şəffaflığın təmin olunması üçündür. Yeni Azərbaycan Partiyası bu tələb qanunvericiliklə tənzimlənməmişdən əvvəl də maliyyə hesabatını ictimaiyyətə açıqlayırdı. Digər partiyalar da şəffaflığın tərəfdarıdırlarsa, hesabat verməli, maliyyə mənbələrini açıqlamalıdırlar. Təəssüflər olsun ki, bəzi siyasi partiyalar maliyyə hesabatlarında heç bir rəqəm göstərmir, ağ kağız təqdim edirlər. Yəni, guya bunların heç bir maliyyə mənbələri yoxdur. Amma hər kəs bilir ki, həmin partiyaların qərargahlarında xeyli insan çalışır, əmək haqqı alırlar. Partiya sədrlərinin əksəriyyəti bahalı maşınlarda gəzir, cangüdənlərdən istifadə edirlər. Təbii ki, bu insanlar hava ilə yaşamır, yəqin ki, bəlli bir gəlir yerləri var. Dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyə fəaliyyətinə Maliyyə Nazirliyi nəzarət edir, yəni, nazirliyin araşdırmaq imkanı var. Büdcədən maliyyələşməyən partiyalar hesabat təqdim etmirsə, qanunun tələbini pozursa, bu, hüquqi cəhətdən "Siyasi partiyalar haqqında" Qanunda əsaslandırılmalıdır".

Siyavuş Novruzov hesabat təqdim etməyən siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələyə də toxunub: "Elə partiyalar var ki, 1992-93-cü ildə qeydiyyatdan keçib. Həmin partiyalar qarşılarına hüquq və vəzifələr qoysa da, icra etmir. Yəni, fəaliyyətsizdir. Fəaliyyət göstərməyən partiyaları imkanlı şəxslər alır, "sandığa qoyub" saxlayır. Bu da qeyri-qanunidir. Qeyd etdiyim məsələlər qanunvericiliklə tənzimlənməlidir. "Siyasi partiyalar haqqında" Qanunda hüquqi varislik məsələsi də əksini tapmalıdır. Son günlər bir sıra siyasi partiyalarda çox ciddi qarşıdurmalar baş verir. Məsələn, partiyalardan birində sədr qurultay keçirir, strukturu yenidən formalaşdırır. Həmin partiyanın daxilində başqa birisi də konfrans keçirərək özünü sədr elan edir. Hər iki tərəf iddia edir ki, partiya üzvlərinin dəstəyini qazanıb. Beləcə, qarşıdurma yaranır. Burada hüquqi varisliyin hansı formada keçiriləcəyi aydınlaşdırılmalıdır. Təbii ki, tərəflər məhkəməyə müraciət edir. Məhkəmə də araşdırma aparmalıdır və "Siyasi partiyalar haqqında" Qanuna istinad etməlidir. Ona görə də bu məsələ "Siyasi partiyalar haqqında" qanunda əksini tapmalıdır ki, məhkəmə istinad edə bilsin".

Adı olub, özü olmayanlar

Qanun qəbul olunacağı təqdirdə isə hansı partiyaların bağlanacağı məsələsi ortaya çıxır. Həmin partiyaların siyahısı əslində bəllidir. Məsələn, Kənd Partiyası, Birlik Partiyası, Xalq Demokrat Partiyası, Milli Demokrat İdrak Partiyası, Vahid Azərbaycan Partiyası, Müstəqil Azərbaycan Partiyası, Yurddaş Partiyası, İdrak Partiyası, Milli Dövlətçilik Partiyası, Vətənpərvərlər Partiyası, Sosial Ədalət Partiyası, Mübarizlər Partiyası, Tərəqqi Partiyası, Təkamül Partiyası, Azərbaycan Yeni Nəsil Kommunistlər Partiyası, Gələcək Azərbaycan Partiyası.

Eləcə də, adını qeyd etmədiyimiz ondan çox partiya mövcuddur ki, onların faktiki olaraq fəaliyyəti, məqsəd və məramları haqqında geniş ictimaiyyətin məlumatı yoxdur. Əgər Milli Məclis "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edəcəksə, bu alda iyirmiyə yaxın partiya bağlanmalı olacaq.

Bundan başqa, əgər sözügedən qanun qəbul ediləcəksə, bu zaman hüquqi baxımdan problem yaşayan bəzi partiyaların taleyinə də aydınlıq gətiriləcək. Bu sırada ilk olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adını qeyd etmək lazımdır. Qanun qəbul edildikdən sonra rəsmi AXCP-yə Razi Nurullayevin, yoxsa Əli Kərimlinin sədrlik edəcəyi bəlli olacaq.

Cavidan


Müəllif:

Oxşar xəbərlər