"Rusiya parlamentində "Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir" çağırışlarından narahat olmağa dəyməz. Birincisi, bu müqavilə pozularsa yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq. Çünki Türkiyə kimi Rusiyanın da üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var".
Bunu politoloq Elxan Şahinoğlu Rusiya Dövlət Duması deputatlarının 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan Qars müqaviləsinin ləğvi təşəbbüsünə münasibət bildirərkən qeyd edib.
E.Şahinoğlunun sözlərinə görə, bu öhdəlik və məhdudiyyətlər ortadan qalxacaqsa Türkiyə üçün Cənubi Qafqazda istədiyi kimi hərəkət etmək üçün məhdudiyyət qalmayacaq: "Ermənistanın narahatlığı üçün ciddi əsaslar yaranacaq. İkincisi, Naxçıvanın təhlükəsizliyindən də narahat olmağa dəyməz. Qars müqaviləsi pozulacaqsa Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli qarantör müqaviləsi bağlaya bilər. Türkiyənin Naxçıvanda hərbi bazası olacaqsa Ermənistan ora burnunu soxmağa risk etməyəcək. Və nəhayət bu illərdə Qars müqaviləsinin varlığı Rusiyanı nədənsə çəkindirirmiş və ya Kreml bu müqavilənin bəndlərinə riayət edirmiş? Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır və Rusiya birbaşa işğalçı Ermənistana dəstək verdiyini gizlətmir. Bunun özü Qars müqaviləsinə ziddir. Rusiya beynəlxalq müqavilələrə hörmətlə yanaşsaydı Krımı işğal etməzdi. Halbuki, 1994-cü ildə Budapeştdə imzalanan sazişə görə Ukrayna nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısıyla heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi. "Heç zamanın" ömrü cəmi 20 il çəkdi".
Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsinin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.