13 Fevral 2016 17:58
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon Məhkəməsində “Müsavatçıların hüquqlarını Müdafiə Komitəsi” üzvlərinin Müsavat Partiyasına olan şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb. Növbəti məhkəmə iclası fevralın 15-də olacaq.

Qeyd edək ki, Müsavatdan uzaqlaşdırılan bir qrup narazı şəxs partiyanın sonuncu - VIII qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Qaldırılan iddiada qurultaydan qabaq və sonra bir sıra pozuntuların baş verdiyi qeyd olunub və məhkəmədən nəticələrin ləğvi, yenidən qurultay çağırılması tələb edilib.

İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın keçmiş üzvü Əlövsət Sadıqlı, Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıblar. Müsavatın rəhbərliyindən narazı olan şəxslər partiyadan xaric edilib, hazırda isə partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunurlar.

Qeyd edək ki, bundan əvvəl Müsavatdan partiyanın sonuncu qurultayının nəticələrini ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik isə müraciətə baxmaqdan imtina edib, məsələnin məhkəmə predmeti olduğunu bildirib.

Müsavat başqanının müavini, partiyanı məhkəmədə təmsil edən vəkil Osman Kazımov ötən gün qeyd edib ki, Müsavat Partiyasına qarşı məhz Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR Hərəkatının təmsilçiləri tərəfindən iddia qaldırılıb. Onun sözlərinə görə, qarşı tərəfin heç bir dəlil və sübutu yoxdur.

Bundan öncə isə Qubad İbadoğlu bəyan etmişdi ki, sözügedən məhkəmə prosesinin ADR-ə heç bir aidiyyəti yoxdur.

Müsavatın Surxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli hakim Abbas Rzayevin səhhətində yaranan problemə görə məhkəmənin təxirə düşdüyünü söyləyib. O, Ədliyyə Nazirliyindən Müsavat Partiyasının qurultayla bağlı protokolunun nüsxəsini aldıqlarını deyib: “İddiaçıların hamısı yığışıb protokolla tanış oldu, həmin sənəddə partiya nizamnaməsinin pozulduğu açıq şəkildə görünür. Protokolu növbəti məhkəmə prosesində hakimə təqdim edib onun müzakirəsini tələb edəcəyik. Mənə elə gəlir ki, bu protokoldan sonra məsələ daha da uzanacaq”.

Protokolun yarımçıq olduğunu deyən R.Dəmirli qeyd edib ki, sənəddə Məclis və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvlərinin seçilməsi və təsdiq olunması ilə bağlı heç bir məlumat yoxdur: “Qurultay 2 gün olmalı idi, axı onun davamı olmayıb, olmayan bir iclası necə təsdiq edə bilərlər?”

R.Dəmirli onu da bildirib ki, Müsavatın nümayəndəsi olan vəkil Osman Kazımov onların iddialarının qarşısına hər hansı əks-arqument qoya bilmir: “O, məhkəmədə ancaq söz atmaqla məşğuldur, iclasa bomboş, əlində hər hansı sənəd olmadan gəlir. Deyir ki, növbəti qurultaya qədər məsələ uzanacaq, o vaxtadək yeni başqan olacaq və s. Əlində arqument yoxdur desin ki, qaldırdığınız iddialar doğru deyil, onun müdafiə xarakterli çıxışı yoxdur. Ancaq sosial şəbəkədə söz yığını yazmaqla məşğuldur. Bizim əlimizdə konkret dəlillər var, hətta qurultayda olan saxtakarlıqla bağlı video material təqdim etmişik, artıq məhkəmədə videobaxış da keçirilib. Biz növbəti sənədin təqdim olunması ilə əlaqədar məsələ qaldıracağıq. Qeydiyyatdan keçən qurultay nümayəndələri ilə bağlı sənədin təqdim edilməsini tələb edəcəyik”.

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Müsavat rəhbərliyi Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Müsavatdan uzaqlaşdırılanların böyük əksəriyyəti Qubad İbadoğlunun ətrafına toplaşıb. Tural Abbaslı isə tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib və yeni partiya formalaşdıracağını bildirib. Gənclər də onu müdafiə edir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər