19 Fevral 2016 12:01
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının son qurultayının ləğvi ilə bir qrup şəxsin şikayəti əsasında keçirilən məhkəmə prosesi başa çatıb. Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmə qurultayın nəticələrinin ləğv olunması ilə bağlı iddianı təmin etməyib.

Müsavatın 2014-cü ilin sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı partiya başqanı seçilib.

Qurultayın nəticəsindən narazı qalan şəxslər isə məhkəməyə müraciət edərək, nəticələrin ləğv olunmasını tələb ediblər. Qaldırılan iddiada qurultaydan qabaq və sonra bir sıra pozuntuların baş verdiyi qeyd olunub və məhkəmədən nəticələrin ləğvi, yenidən qurultay çağırılması tələb edilib.

Qeyd edək ki, bundan əvvəl Müsavatdan partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilmişdi. Nazirlik isə müraciətə baxmaqdan imtina edərək məsələnin məhkəmə predmeti olduğunu bildirmişdi.

Məhkəmənin qərarından narazı qalan iddiaçı Əlövsət Sadıqlının sözlərinə görə, qurultayda nizamnamə və qanuna zidd hərəkətlər olub və bununla bağlı videofakt mövcuddur. O bildirib ki, qurultay günü partiyanın sabiq başqanı İsa Qəmbər növbəti gün qurultayın partiya qərargahında davam edəcəyini bildirsə də, bu, baş tutmayıb.

O söyləyib ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və Sərbəst Məclis üzvlərinin seçkisi və səlahiyyətlərinin təsdiqi məsələləri qurultayın növbəti günü həll olunmalı idi, lakin protokol tərtib edərkən saxtakarlığa yol verilib: "İsa Qəmbər və Arif Hacılı Ədliyyə Nazirliyinə təqdim etdikləri protokolda məlumatı dəyişdirərək saxtalaşdırıblar və yazıblar ki, qurultayda növbəti gün də qurultayın davam etdirilməsi barədə yox, Məclisin növbədənkənar yığıncağının çağırılması və orada MNTK və Sərbəst Məclis üzvlərinin seçkisi və səlahiyyətlərinin təsdiqi məsələlərinin həll edilməsi barədə razılığa gəlib. Beləliklə də, İsa Qəmbər və Arif Hacılının rəhbərlik və təşkilatçılığı sayəsində Müsavat Partiyası tarixində ilk dəfə demokratiya, insan haqları və hüququn aliliyi kimi müsavatçılığın təməl prinsiplərindən imtina edilib və seçki saxtakarlığının əsası qoyulub. Bu saxtakarlığın bünövrəsi üzərində Müsavat Partiyasının Nizamnamə tələblərinə zidd qaydalarla Müsavat Partiyasında ilk dəfə saxta MNTK, Məclis, Divan və müavinlik institutları formalaşdırılıb. Müsavat Partiyası gücsüz, dişsiz, quru ad və müqəvvasından ibarət olan bir duruma salınıb. Vaxt gələcək, İsa Qəmbər və Arif Hacılını gələcək nəsillər lənətlə yad edəcək”.

O qeyd edib ki, Müsavat rəhbərliyi məhkəmənin ədalətsiz olduğunu bəyan etsə də, indi məhkəmənin partiya ilə bağlı qərarını ədalətin zəfər çalması kimi qələmə verir: "Bəs deyirdiniz məhkəmələr ədalətsizdir? Yekə-yekə danışırsınız ki, onlar qurultayda da uduzmuşdular, məhkəmədə də uduzdular. Artıq maskalar cırılıb, sifətlər görünür: bəlkə, maskanızı tamam çıxarasınız?”

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər.

Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Müsavat rəhbərliyi Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Müsavatdan uzaqlaşdırılanların böyük əksəriyyəti Qubad İbadoğlunun ətrafına toplaşıb. Tural Abbaslı isə tərəfdarları ilə birlikdə "Ağ blok” yaradıb və onu partiyaya çevirmək niyyətindədir.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər