Hikmət Hacıyev: “Onun BMT-də işğalı “öz müqəddəratını təyin etmə” kimi təqdim etməsi beynəlxalq ictimaiyyətə hörmətsizlikdir”
“Xocalı soyqırımı və 1 mart 2008-ci il tarixində İrəvanda törədilmiş siyasi terrorun növbəti ildönümü günlərində BMT-nin İnsan Hüquqları Şurasında çıxış edən Ermənistan xarici işlər naziri hər hansı xəcalət və ya utanc hissi keçirmədən soyqırımı əməllərinin qarşısının alınması, insan hüquqlarının müdafiəsi və xalqların öz müqəddəratını təyin etməsi prinsipi barəsində yalan dolu və təhrif olunmuş fikirlərlə çıxış edib”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev Ermənistana 1975-ci il tarixli Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğunu, onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyini xatırladıb: “Bu aktda ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd olunur. Sənəddə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Həmçinin, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər. Ermənistan güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə törədilmiş etnik təmizləmənin nəticələrini pərdələmək üçün “öz müqəddəratını təyin etmə” prinsipindən sui-istifadə edir”.
XİN sözçüsü bildirib ki, Ermənistan xarici işlər naziri əslində zaman və məkan baxımdan BMT-nin İnsan hüquqları Şurasında Xocalı və ölkəmizin digər işğal olunmuş ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, insanlıq əleyhinə cinayət və hərbi cinayət əməllərinin etiraf edilməsi, Ermənistanda insan hüquqlarının acınacaqlı vəziyyətinə və 1 mart 2008-ci il İrəvan hadisələrinə qiymət verilməsi və həll yollarının təklif edilməsi üçün əlverişli imkanlara malik olsa da, bundan istifadə etməyib: “BMT-nin İnsan Hüquqları Şurasında çıxış edərək, digər dövlətə qarşı törədilmiş işğal, təcavüz, terror və qanlı etnik təmizləməni “öz müqəddəratını təyin etmə” kimi təqdim etmək və digər ali dəyərlərdən danışmaq BMT təsisatlarına və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdən başqa bir şey deyil”.
Səxavət