Hikmət Babaoğlu: “Bizim üçün fundamental azadlıq anlayışı ilk növbədə insanların doğulduğu yerdə yaşamaq hüququnu ifadə edir”
Azərbaycanın Avropa Şurası, Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlarla sıx qarşılıqlı münasibətləri var. Bu qurumlarla qarşılıqlı əməkdaşlıq münasibətləri siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, enerji təhlükəsizliyi, iqtisadi, qanunverici, mədəni və digər sahələri əhatə edir.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasında Avropa İttifaqının iki yüksək səviyyəli nümayəndəsinin - Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı Azərbaycanla əlaqələrə diqqətin təzahürüdür.
Avropa qurumları Azərbaycanın apardığı enerji təhlükəsizliyi siyasətini daim dəstəkləyib. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M.Şevçoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətini qeyd edərək bildirib: “Mən vurğulamaq istərdim ki, bizim üçün Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illər müzakirə mövzusu olub. Lakin biz heç vaxt buna indiki qədər yaxın olmamışıq. Müqavilə üzrə Azərbaycan, Gürcüstan və Türkiyədə davam edən tikinti işlərinə 10 milyard dollar vəsaitin ayrılması faktı əlamətdar bir hadisədir”.
Bakıda səfərdə olarkən F.Moqerini və Prezident İlham Əliyev arasında keçirilən geniş tərkibdə görüşdə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən xanım Moqerini bunu Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirmişdi. O, təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın yeni çərçivədə davam etdiriləcəyini vurğulayaraq bunun üçün möhkəm bazanın mövcud olduğunu qeyd edib. Ölkəmizin mürəkkəb regionda yerləşdiyini deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı hər iki tərəfin maraqlarını təmin edəcək strateji səviyyəyə qaldırmağın vacibliyini vurğulamışdı.
Avropa İttifaqının bəyanatlarında və tövsiyələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, eləcə də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və milli azlıqların hüquqlarına hörmət əsasında danışıqlar yolu ilə həllinin vacibliyi bildirilib.
Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Arqamuntun səfəri AŞ PA-Azərbaycan əlaqələrinin qarşılıqlı maraqlara söykəndiyini göstərir.
Bu istiqamətdə fikirlərini bizimlə bölüşən Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerininin fikirlərini sitat gətirərək bildirib ki, ali nümayəndə Azərbaycana səfəri zamanı Avropa İttifaqının Azərbaycanla energetika, regional təhlükəsizlik, eləcə də qanunun aliliyi və fundamental azadlıqlar sahəsində əməkdaşlıqda maraqlı olduğunu söyləyib. H.Babaoğlu qeyd edib ki, sadalanan istiqamətlər üzrə əməkdaşlıq rəsmi Bakının da maraqları çərçivəsindədir və onların hər biri ayrılıqda ölkəmiz üçün prioritetdir.
Millət vəkili qeyd edib ki, Azərbaycan irəli sürülən bütün istiqamətlər üzrə bərabər əməkdaşlığın olmasını istəyir: “Yəni Avropa İttifaqı enerji təhlükəsizliyi məsələsini irəli sürərkən bunu fundamental azadlıqlarla manipulyasiya etməsin. Yaxud fundamental azadlıqlar haqqında danışarkən predmetdən yayınmasın. Bizim üçün fundamental azadlıq anlayışı ilk növbədə insanların doğulduğu yerdə yaşamaq hüququnu ifadə edir. Ancaq hazırda Ermənistanın işğalı nəticəsində bir milyondan çox insan bu azadlıqdan məhrum edilib. Əgər Federika Moqerini də fundamental azadlıq deyəndə ilk növbədə bunu başa düşürsə, deməli, doğrudan da, bu istiqamətdə ciddi əməkdaşlığa ehtiyac var. Əməkdaşlığın baş tutması və effektiv olması isə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasından keçir”.
H.Babaoğlu əlavə edib ki, F.Moqerini Ermənistan rəsmilərilə görüşdə mütləq onları işğal etdikləri Azərbaycan torpaqlarını azad etməli olduqlarına inandırmalıdır: “Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, digər bütün istiqamətlər üzrə əməkdaşlıq da Avropa İttifaqı-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə xidmət edən istiqamətlərdir və bu əməkdaşlıqda hər iki tərəf maraqlıdır”.
SƏXAVƏT