Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti əfv sərəncamı çox böyük humanist addımdır. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova qeyd edib ki, humanizm prinsiplərinə söykənərək, vətəndaşların cəzanın çəkilməmiş hissəsindən azad edilməsi, öz günahlarını, səhvlərini anlayıb onu düzəltmək imkanı üçün müraciət edənlərin əfv edilməsi və onların yenidən cəmiyyətə, ailələrinə qayıtması kimi bir şəraitin yaradılması, əlbəttə ki, çox böyük bir humanizm aktıdır: “Bir qayda olaraq, belə qərarların cənab Prezident tərəfindən xalqımız üçün əziz olan günlər ərəfəsində verilməsini nəzərə alsaq, Novruz bayramı ərəfəsində belə bir sərəncamın imzalanması həm Azərbaycan Prezidentinin münasibətini, həm Azərbaycan dövlətinin bu istiqamətdəki siyasətini, həm də Azərbaycan vətəndaşlarına diqqət və qayğını nümayiş etdirir”.
Vitse-spiker əlavə edib ki, bu sərəncamı imzalamaqla Prezident İlham Əliyev həm də əfv olunan insanların ailələrinə, yaxınlarına bayramı əsl bayram əhvali-ruhiyəsində keçirməyə şərait yaradır.
B.Muradova bildirib ki, Prezident hər dəfə belə sərəncamları öz iradəsi əsasında, özünün gəldiyi qənaət əsasında verdiyini bir daha sübut etdi: “Bir çox hallarda beynəlxalq dairələr, Azərbaycanın daxilindən də onlara "qida verən" bəzi məhdud dairələr belə addımların atılması istiqamətində Azərbaycan hökuməti və xalqı tərəfindən qəbul edilməyən metodlardan istifadə etməyə çalışırdılar. Amma birmənalı olaraq cənab Prezident hər zaman olduğu kimi, bu dəfə də sübut etdi ki, belə qərarları hər hansı təzyiqə görə deyil, yalnız öz iradəsinə əsaslanaraq, öz müstəsna hüququndan və səlahiyyətindən istifadə edərək, səhvini anlamış insanların və onlara görə müraciət edən ayrı-ayrı hüquq müdafiəçilərinin, ziyalıların, vəkillərin, tanınmış insanların müraciətlərini nəzərə alaraq qəbul edir”.