26 Mart 2016 20:00
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşdən boyun qaçırır.


Publika.az xəbər verir ki, Ermənistanın hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Serj Sarkisyanın Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün planlaşdırılmadığını bildirib.


“Ermənistan prezidenti Vaşinqtona gedəcək. Onun səfəri ilə bağlı məlumatları mediadan izləmək mümkün olacaq. Lakin bizdə prezidentlərin hansısa görüşünün planlaşdırıldığı barədə məlumat yoxdur. Hətta bu məsələ müzakirə mövzusu belə deyil”, - deyə o bildirib.


Xatırladaq ki, daha əvvəl Ermənistan mediası ABŞ-da keçiriləcək nüvə təhlükəsizlik sammitinin gedişində prezidentlərin görüşəcəyinə dair məlumat yaymışdı.

News.am-ın məlumatında isə Serj Sarkisyanın ABŞ-a martın 28-də səfər edəcəyi deyilir.

Qeyd edək ki, Dağlıq Qarabağ ətrafında yaranan situasiya, həmçinin, Rusiyanın münaqişədə təşəbbüsü ələ almaq cəhdlərinə görə bir çox ekspert Vaşinqtonun prezidentləri bir araya gətirmək niyyətində olduğunu düşünür.


Belə ki, ABŞ münaqişənin həllində təşəbbüsü ələ almaq, bununla da Rusiyanın bölgədə mövqelərini zəiflətmək istəyir. Bu baxımdan, Vaşinqtonda prezidentlərin bir araya gəlməsi üçün birbaşa Ağ Evin israr edəcəyi gözləniləndir.


Sarkisyanın partiyasının açıqlaması isə rəsmi İrəvanın bu görüşdə maraqlı olmadığını deməyə əsas verir. Bu məlumat S.Sarkisyanın cari ayın əvvəlində Moskvaya səfəri fonunda diqqət çəkir. Hesab etmək olar ki, Sarkisyan Moskvadan aldığı təlimata uyğun olaraq maksimum şəkildə Azərbaycan lideri ilə təmasdan yayınmağa çalışacaq.

Asif


Müəllif:

Oxşar xəbərlər