Milli Şura yeni aksiya keçirəcək.
Bu haqda Teleqraf.com-a açıqlamasında Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib.
Onun sözlərinə görə, təşkilatda mitinq barədə müzakirələr aparılır və yaxın zamanda Milli Şuranın qərarı elan ediləcək: “Mitinq həmişə gündəmimizdə olub. Qanun çərçivəsində icazəli mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.
O, “Məhsul” stadionu tövsiyə ediləcəksə, Milli Şuranın həmin məkanda mitinq keçirməyə razı olacağını söyləyib.
V.Mirkamal Milli Şura üzvlərinin təşkilatın fəxri sədri Rüstəm İbrahimbəyovla görüşmədiyini də əlavə edib: “Rüstəm bəy qardaşının vəfatı ilə əlaqədar Bakıya gəlmişdi və Milli Şura üzvləri ilə görüş əvvəldən planlaşdırılmadığından baş tutmadı. Hazırda Moskvaya qayıdıb, yenidən Bakıya dönəcəyi gözlənilir. Qayıdandan sonra imkan olarsa görüşərik. Hüzr mərasiminə gəldiyi üçün belə bir imkanın olub-olmayacağını söyləmək mümkün deyil”.
O, sosial şəbəkələrdə Milli Şura sədri Cəmil Həsənlinin Maqsud İbrahimbəyovla vida mərasiminə qatıldığı üçün qınanmasını doğru saymadığını deyib: “Kimisə hüzr mərasiminə getdiyi üçün qınamaq Azərbaycan mentalitetinə uyğun deyil. Cəmil müəllimin vaxtilə cavan oğlu dünyasını dəyişib Maqsud İbrahimbəyov onun hüzr mərasiminə gedib, Milli Məclisdə bir yerdə çalışıb və ona görə də onu yad etməyə gedib. Burada siyasi çalarlar axtarmaq doğru deyil”.
Nərgiz