29 Mart 2016 15:09
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Hərəkatının üzvləri partiya qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradıb. Yaxın zamanlarda REAL-ın qurultayı keçiriləcək. Respublikaçı Alternativ Hərəkatının partiyaya çevriləcəyi halda qısaldılmış adı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Respublikaçı Alternativ Partiyasının abreviaturasının elə hərəkatdakı kimi REAL, yoxsa RAP olacağı sualları səslənir.

REAL-ın Konseptual məsələlər üzrə katibi Erkin Qədirli Teleqraf.com-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, bu haqda qərar qurultayda veriləcək: “Yəqin çeşidli təkliflər səslənəcək və üzvlər müvafiq ada səs verəcək. Qurultay hansı adın üzərində dayanacaqsa, partiyanın da adı o olacaq. Biz hələ ki hərəkatın adı ilə Respublikaçı Alternativ adlandırırıq. Şəxsən mənim fikrimcə, elə bu ad qalsa yaxşıdır. Çünki bu adla tanınmışıq. Yeni adı tanıtmağa resurs və vaxt lazım olacaq. Ancaq bu, mənim şəxsi fikrimdir, qurultay nə qərar verəcəksə, o da olacaq.

Qısa ad kimi REAL olmasının tərəfdarıyam. Respublikaçı Alternativ adı tanınır, yeni adı tanıtmağa vaxt sərf etməyin mənası yoxdur. Ola bilsin qurultay başqa ad üzərində dayandı”.

REAL-ın konseptual məsələlər üzrə katibi yeni vəzifəsi haqda da danışıb. E.Qədirli xatırladıb ki, 3 il bundan əvvəl REAL-ın proqram layihəsi internetdə və kitab şəklində ictimaiyyətə təqdim edilib: “Bu müddət ərzində çox şey dəyişib, konseptual məsələlər adlanan başlıq altında layihə şəklində olan proqramı təkmilləşdirmək, qurultaya qədər hazır sənəd formasına salmaq, dəyişmiş şəraitə uyğunlaşdırmaq lazımdır. Bir sözlə, yazı-pozu işləri ilə məşğul olacağam”.

Qurultayın vaxtına gəlincə, E.Qədirli bildirib ki, Təşkilat Komitəsi gördüyü işlərin nəticəsi barədə təşəbbüs qrupuna hesabat verəndən sonra qurultayın dəqiq günü təyin ediləcək.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər