Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyana ən yaxın zamanda qəbul oluna biləcək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərini müzakirə etməyi təklif edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Medvedev İrəvanda Sarkisyanla görüşü zamanı deyib.
Medvedev bir daha Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqlarından başqa alternativin olmadığını qeyd edib.
“Mənim hazırkı səfərim həm də bununla bağlıdır. Sizinlə ən yaxın zamanda həyata keçirilməsi mümkün ola bilən bəzi məsələləri müzakirə etmək istərdim”, - deyə baş nazir bildirib.
“Hesab edirik ki, informasiyanı birinci əldən almaq, baş verənləri anlamaq və Ermənistanın bir tərəfdaşı, müttəfiqi, həmçinin, Minsk Qrupunun iştirakçısı olaraq, bizdən asılı olan hər şeyi etmək borcumuzdur”, - deyə Medvedev Sarkisyana bildirib.
Medvedevin sözlərinə görə, Rusiya tərəfi sülhün qorunub saxlanılmasının və tərəflərin danışıqlar masasına qayıtmasının hazırda ən vacib məsələlər olduğunu hesab edir.