İran parlamenti seçkilərinin ikinci turunda Təbrizdən olan namizədlər Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər.
Teleqraf.com GünAz TV-yə istinadən xəbər verir ki, Güney Azərbaycan əhalisi Dağlıq Qarabağda toqquşmalar kəskinləşdikdən sonra Azərbaycan Respublikasının dövləti və onun doğma millətinə müxtəlif formalarda dəstək verməyə çalışır. Bir çox soydaşımız hətta savaşa qoşulmaq üçün cəbhə xəttinə getməyi də təklif edib.
İran parlamenti seçkilərinin ikinci turuna Təbrizdən olan namizədlər isə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduqlarını xüsusi vurğulayıblar.
Mirəli Əsgər Musəvi, Abbas Abbaszadə, Şəhabəddin Bimiqdar və Xanım Zəhra Sai birgə bəyanat yayaraq Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini qınayıb və Azərbaycan xalqına dəstək nümayiş etdiriblər. “Biz Azərbaycan millətinin öz torpaqları üzərində hakimiyyətinin bərpa olunmasını dəstəkləyirik”- deyə bəyanatda qeyd olunub.
Bundan öncə isə Urmudan İran parlamenti seçkilərinin ikinci turuna namizəd Seyid Hadi Bəhadori, digər namizəd Ruhulla Həzrətpur, Urmunun millət vəkili Nadir Qazipur və digər azərbaycanlı məsullar oxşar bəyanatlar verərək Azərbaycan Respublikasına öz dəstəklərini nümayiş etdiriblər.
Ərdəbildə isə xalq küçələrə çıxaraq, müxtəlif yerlərdə Azərbaycan dövlətini və ordusunu dəstəkləyən şüarlar yazıb və parçalar asıblar. Ərdəbildə azərbaycanlılar “Qarabağ islam yurdudur”, “Qarabağ Azərbaycanındır” kimi şüarları divarlara yazıb və şəhərin müxtəlif yerlərində plakatlar asıblar.