19 Aprel 2016 11:32
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-da Liberallar Qrupunun toplantısında Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr müzakirə olunub.

Teleqraf.com-un məlumatına görə, Ermənistan nümayəndə heyətinin üzvü Naira Zohrabyan Azərbaycana qarşı böhtan və qərəzli çıxış edib.

Azərbaycanın Liberallar Qrupundakı üzvü millət vəkili Qənirə Paşayeva Ermənistan nümayəndə heyətində sərt cavablar verib və həqiqətləri faktlarla millət vəkillərinin diqqətinə çatdırıb: “Ermənistan nümayəndə heyətinin üzvü Zohrabyan Liberal Qrup üzvlərinə tamamilə yanlış məlumatlar verdi. O, hadisələr baş verən zaman harada idi bilmirəm, amma mən hadisələrin baş verdiyi bölgələrdən gəlirəm.

Zohrabyan deyir ki, hadisə Azərbaycanın ermənilərə hücum ilə başlayıb. Doğru deyil. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu hərbi mövqelərindən atəşkəsi pozaraq ön cəbhə bölgələrində yaşayan mülki azərbaycanlıları, onların evlərini hədəfə alıblar. Bir neçə mülki vətəndaşımız həlak olub, yaralanıb, evləri dağıdılıb. Hamısının foto və videolarını millət vəkillərinə göstərə bilərəm. Təbii ki, Azərbaycan Ordusu da mülki vətəndaşlarımızı qorumaq üçün Ermənistan hərbi qüvvələrinə cavab verib. Nə etməliydilər? Azərbaycan ordusu üzərinə düşən vəzifələri yerinə yetirib və heç kimsənin buna irad tutmaq haqqı ola bilməz.

Hər bir ölkənin ordusu kimi Azərbaycan Ordusunun da öz ölkəsinin sərhədlərini, torpaq bütünlüyünü, mülkü insanlarını qorumaq haqqı var və onlar bu haqdan istifadə edib, mülki insanları hücumlardan qoruyub. Son hadisələr Azərbaycan-Ermənistan sərhədində baş verməyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Zohrabyan cavab versin görək, Ermənistan əsgər və hərbçilərinin nə işi var Azərbaycan torpaqlarında? Həyatını itirən erməni əsgərləri isə Zohrabyanın söylədiyi kimi Qarabağ erməniləri deyil, Ermənistan vətəndaşlarıdır.

Zohrabyan aydınlıq gətirsin görək, Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında nə edirdi? Ermənistanda bəzi erməni anaları ölkəsinin rəhbərliyinə etiraz edərək “bizim uşaqlarımızın Qarabağda nə işi var?” deyir. Ermənistan prezidenti o anaların səsini eşitməlidir. Doğurdan da, nə işi var Ermənistan əsgərlərinin, vətəndaşlarının Qarabağda? Dəyərli millət vəkilləri həmkarlarım, Zohrabyandan soruşun ki, indi ölkəsinin prezidenti haradadır? Ermənistan prezidenti indi hərbi formada Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağdadır. Zohrabyandan soruşmaq istəyirəm, onun o torpaqlarda nə işi var? Ermənistan Azərbaycan torpaqlarını işğal edib və buradakı millət vəkillərinin ölkələri, bütün dünya, AŞPA da daxil olmaqla bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Q.Paşayeva vurğulayıb ki, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edən çoxlu sayda qətnamələri var: “Bu gün Ermənistan nümayəndə heyəti burada Dağlıq Qarabağ ermənilərini qabağa verib ölkələrinin işğalçılığını, törətdikləri cinayətləri gizlətmək istəyirlər, amma edə bilməzlər. Çünki artıq hər kəs gerçəklikləri bilir. Zohrabyan deyir Azərbaycan problemi sülh yolu ilə həll etmək istəmir. Yalandır! Azərbaycan 20 ildən artıqdır ki, problemin sülh yolu ilə həllinə çalışır. Biz hər zaman deyirik ki, sadəcə beynəlxalq təşkilatların, AŞPA-nın, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini istəyirik. Biz bu gün də tələb edirik ki, AŞPA-nın 1416 saylı qətnaməsi həyata keçsin.

Əgər bu qətnaməni Ermənistan həyata keçirsə, işğal bitsə, problem də həll olunacaq, gərginlik də bitəcək. Amma Ermənistan AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edir. İndi siz deyin, kimdir problemin həllini istəməyən tərəf? Ermənistan! Zohrabyan söyləsin görək, nədən Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirmir? Burada yanlış fikirlər səsləndirməkdənsə, ölkəsinin rəhbərindən AŞPA qətnamələrinin yerinə yetirilməsini tələb etsə, daha yaxşı olar. İşğal edilmiş torpaqlar azad edilmədən gərginliklərin azalması da mümkünsüzdür. Dağlıq Qarabağ ermənilərinə gəlincə, Azərbaycan hər zaman bildirib ki, azərbaycanlı köçkünlər də evlərinə dönsünlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət verməyə hazırdır. Amma Ermənistan deyir ki, yox Dağlıq Qarabağ ya müstəqil dövlət olacaq, ya da Ermənistana birləşəcək. Bu cür mövqe problemin həllinə imkan vermir. Hansı ölkə təmsilçisi bizim yerimizə olsa.ş bununla razılaşar? Heç biriniz! Təbii ki, biz də heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq və onun azad olunması üçün çalışacağıq.

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və beynəlxalq hüquq normalarının da qeyd etdiyi kimi bu problem Azərbaycanın torpaq bütünlüyü içərisində həll olunmalıdır. Ədalətli yol sadəcə budur və bundan başqasını Azərbaycan ədalətli olaraq heç bir zaman qəbul etməyəcək.

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Məsələnin tək həll yolu budur. Biz siz dəyərli həmkarlarımızı Ermənistanln işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən AŞPA qətnamələrinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq. Öz evlərinə dönə bilməyən yüz minlərlə məcburi köçkün sizdən bunu gözləyir, sizi işğalçıya təzyiq göstərməyə çağırır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər