Ermənistanın hazırkı və keçmiş prezidentləri bir-birlərinin ardınca Dağlıq Qarabağa və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfərlər edirlər. Serj Sərkisyandan sonra Levon Ter-Petrosyan, indi də Robert Köçəryan işğal olunmuş bölgələrə gəlib.
Məsələyə aydınlıq gətirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu səfərlər onda da sual doğurub: “Serj Sərkisyanın səfərini anlamaq mümkündür, prezident kimi Dağlıq Qarabağdakı separatçı yoldaşlarına “ürək-dirək verməyə” gəlmişdi, “möhkəm olun, kömək gələcək” deyib getdi. Bəs eks-prezidentlər Levon Ter-Petrosyanla Robert Köçəryan Xankəndidə nə mesaj verə bilərdilər? Axı hər ikisinin heç bir səlahiyyəti yoxdur”.
E.Şahinoğlu qeyd edib ki, görünür, bu səfərlərlə işğal məsələsində fərqli siyasi qüvvələrin eyni mövqedən çıxış etdiklərini erməni cəmiyyətinə aşılamaq istəyirlər: “Tutaq ki, bir-iki ay belə ötüşdürdülər, vaxt öldürdülər, bəs bir müddət sonra artan itkiləri Ermənistan cəmiyyətinə necə izah edəcəklər? Levon Ter-Petrosyan o siyasi fiqurlardan deyil ki, artan itkilərlə bağlı prezident Serj Sərkisyana ciddi dəstək versin. Ermənistan hakimiyyətinə əlavə maliyyə lazımdır ki, ölən hərbçilərin ailələrinin sosial təminatlarını vaxtlı-vaxtına ödəsin. Belə bir vədi könüllülərə də veriblər.
Yəni Ermənistan vətənfdaşları könüllü surətdə işğal altındakı torpaqlarda qulluq etməyə razılıq versələr, onlara da gələcəkdə sosial müavinətlər ayrılacaq. Ona görə də elə etməliyik, düşmən o qədər itki versin ki, Ermənistan büdcəsi sosial təminatı yerinə yetirməkdə aciz qalsın. Müharibə həm də puldur. Biz torpaqlarımızı işğaldan azad etmək üçün istənilən qədər pul xərcləməyə hazırıq, düşmənin isə belə bir lüksü yoxdur. Ona görə xərclərlə də işğalçının nəfəsini kəsməliyik. Dağlıq Qarabağ onsuz da Ermənistana böyük yükdür, onlar üçün bu yükü bir az daha ağırlaşdırmalıyıq”.
Səxavət