Xarici işlər nazirinin müavini Xələf Xələfov Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik alt-komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotiqa ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın Avropa Parlamenti və digər Avropa təsisatları arasında əməkdaşlığın hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətdə aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.
Ölkədə müxtəlif sahələrdə aparılan islahatlar, demokratiya və insan haqlarının təminatının inkişafına töhfə verən layihələrin icrası, eləcə də prezident İlham Əliyev tərəfindən imzalanan əfv fərmanları haqqında geniş məlumat verən X.Xələfov, Azərbaycanın Avropa qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Ölkəmizin qarşıya qoyduğu prioritetləri, iqtisadi potensialı, qeyri-neft sektorunun inkişafı, hərbi və müdafiə qabiliyyəti haqqında danışan nazir müavini regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rolu təfsilatı ilə izah edib.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, azərbaycanlı mülki əhaliyə və mülki obyektlərə qarşı ağır silahlar vasitəsilə edilmiş hücumlara toxunan X.Xələfov, status-kvonun saxlanmasının qəbuledilməz olmasını Ermənistandan başqa bütün tərəflərin etiraf etdiyini qeyd edib və bu xüsusda Avropa İttifaqının bəyanatlarını xatırladıb.
Anna Fotiqa sədri olduğu alt komitədə bu yaxınlarda Azərbaycana dair təqdimatın keçirildiyini, Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində atılan addımların təqdir edildiyini və ölkəmizin terrorizmə qarşı mübarizədə səylərinin yüksək qiymətləndirildiyini bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin çətin vəziyyətini başa düşdüklərini, onların öz doğma yurdlarına geri dönmə arzularının haqlı olduğunu bildirib və bu məsələnin onun tərəfindən hər zaman parlament və digər səviyyələrdə qaldırılacağını qeyd edib.
X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həlli üçün Avropa qurumlarının səylərinin birləşdirilməsi və artırılmasının vacibliyini önə çəkdi və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam təmin edəcək həllinə alternativin olmadığını qonağın diqqətinə çatdırıb.
Səxavət