“4 iyun hadisələri tarixi, yaxud Əbülfəz bəyin fəaliyyəti baxımından müəyyən maraq doğura bilər. Yəni keçmişi öyrənirsən ki, gələcəkdə bu səhvlərə yol verilməsin. Yaxud eyni situasiyalar yarandıqda analoji səhv addımlar atılmasın, düzgün qərarlar verilsin. Şəxsiyyətin qiymətləndirilməsi də ancaq bu nöqteyi-nəzərdən ola bilər”.
Bunu Teleqraf.com-a açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.
T.Kərimli son günlər 4 iyun hadisələri və Əbülfəz Elçibəyin şəxsiyyəti ilə bağlı hazırda dolaşan müxtəlif fikirlərə Tapdıq Əmrənin “Olan oldu, ölən öldü” sözləri ilə cavab verib: “Bu mənada olanlar olub, ölənlər ölüb. Biz hətta dünyasını dəyişənlərin məzarını ziyarət edəndə də bunu özümüzə təsəlli üçün edirik. Bu baxımdan hadisələrə olduğu kimi dəyər vermək lazımdır. Süni şəkildə, kimlərinsə ambisiyalarının həyata keçib-keçməməsi ilə bağlı olmamalıdır”.
Ə.Elçibəyə münasibətindən danışan T.Kərimli qeyd edib ki, hər bir şəxsiyyətə olan maraq təbii xarakter daşıya bilər və bu məsələ ilə bağlı fikir bildirərkən etik çərçivələr aşılmamalıdır: “Mən vaxtilə Əbülfəz bəyi hədsiz çox istəmişəm. Bir komandada işləmişik. Amma bilirsiniz ki, hakimiyyət dəyişəndə mən razılaşmamışam və çıxışlarım da bəllidir. Nə qədər ki, o sağ idi, mən də sözümü, tənqidi fikirlərimi deyirdim. Dəfələrlə deyirdim ki, 1 illik fəaliyyətimiz təhlil olunmalı, harda səhvlər buraxmışıq, kimlərin günahı var, onları götür-qoy etməliyik. Niyə hakimiyyətdən yıxılmışıq, bütün bunlar üzə çıxmalıdır.
Amma o rəhmətə gedəndən sonra bir dəfə də olsun onun haqqında mənfi fikir söyləməmişəm. Baxmayaraq ki, mən də nəsə deyə, mənfi fikir söyləyə bilərdim. Ancaq düşündüm ki, bu, etik çərçivələrə sığmır. Bu insan AXC-də rəhbərimiz, prezidentimiz olub, yaşı da bizim yaşımızdan çox olub. Onu gözdən salmaq qətiyyən lazım deyil. Keçmiş səhvlərin təkrarlanmaması üçün həmin hadisələrə tənqidi yanaşma heç bir halda şəxsiyyətin təhqiri, alçaldılması yolu ilə olmamalıdır”.
T.Kərimli 4 iyun hadisələri və Əbülfəz Elçibəyin şəxsiyyəti mövzusunda müzakirələrin heç bir zaman bitməyəcəyini vurğulayıb: “Mən buna son qoyulacağına inanmıram. Əksinə getdikcə daha da aktuallaşacaq və düşünürəm ki, dağ uzaqdan əzəmətli göründüyü kimi hadisələrdən də uzaqlaşdıqca daha akademik, daha ölçülü-biçili münasibət olur. Tarix, zaman ən yaxşı müəllimdir”.
Deputat Ə.Elçibəyin fəaliyyətinin onun gənclik illərinə düşdüyünü vurğulayıb: “Əbülfəz Elçibəyi hədsiz çox istəmişəm. O, İsmayıllıda qalanda mən taburetkanın üstündə oturub yatmırdım ki, nəsə olsa birinci mənə olsun, ondan sonra Əbülfəz bəyə olsun. Təsəvvür edin ki, o dərəcədə istəyirdim Əbülfəz bəyi. Yaxud ikinci sinifdə oxuyan oğlum Cavidi öyrədirdik ki, get Əbülfəz bəy olan yerdə himni oxu.
O vaxtı hələ o himn dövlət himni kimi qəbul olunmamışdı. Əbülfəz bəy ayağa qalxırdı. Biz buna uşaq kimi sevinirdik. 15 dəqiqədən sonra uşağı göndərirdik ki, get yenə oxu, qalxsın ayağa. Yəni o qədər romantik, o qədər sentimental duyğular bağlayırdı. Milli azadlıq hərəkatında min canımız olsaydı, birini özümüzə saxlamazdıq, qurban verərdik. Mən onun səmimiyyətinə bu qədər inanmışam, bu qədər dəyər vermişəm”.
T.Kərimli Ə.Elçibəyin prezident olmasını istəmədiyini vurğulayıb: “O hakimiyyətə gələndə mən çıxışlar elədim və bildirdim ki, siz Xomeyni kimi qalın. Qoy, istənilən adam prezident olsun, amma sizin nüfuzunuz o qədər böyükdür və böyük olsun ki, hər an onu dəyişə biləsiz. Kim olur olsun, İsa Qəmbər, Etibar Məmmədov və başqaları. Onun prezidentliyini istəmirdim. Çünki AXC Ali Məclisindəki çıxışımda da deyirdim ki, AXC-də olan intizamsızlıq dövlət strukturlarına transfer edə, hakimiyyət zəifləyə bilər.
Ancaq məsələ AXC Ali Məclisində müzakirə olunarkən və Əbülfəz bəyin namizədliyi irəli sürülərkən mənim, Vaqif Səmədoğlu və bir çox insanın fikri azlıqda qaldı. Ondan sonra biz dərhal qərarın icrasına başladıq. Baxmayaraq ki, özüm qərarın əleyhinə idim, canla-başla o qərarın icrasına, Əbülfəz bəyin prezidentliyinin müdafiəsinə başladım. Amma o hakimiyyətdən gedəndə, Kələkiyə yola düşməmişdən öncə gərək bizə məsləhət edəydi. Necə ki, hakimiyyətə gələndə bizə məsləhət etmişdi, gərək gedəndə də məsləhət edəydi. Yaxud, mərhum Heydər Əliyevi dost kimi gətirmişdisə, bizə də müraciət edəydi ki, ona düşmən münasibət bəsləməyək, vəzifələrimizi dondurmayaq, Vətəni bir yerdə xilas edək. Əl-ələ verməliyik.
Hətta Tahir qəbul etməsəydi də, bəlkə onun qardaşı qəbul edəcəkdi?! Bu nöqteyi-nəzərdən mən düşünürəm ki, bu halda cəmiyyətdə antaqonist ziddiyyət yaranmazdı. Dost kimi gətirilən adama bu cür müxalifətçilik olmazdı. Mən düşünürəm ki, o zaman hadisələrin inkişafı başqa cür olardı. Səmimiyyət, əl-ələ verib problemləri yoluna qoymaq olardı. Mən bu sözü Milli Məclisdə də demişəm. Amma indi bütün bunlar olub keçib, o rəhmətə gedib. Mən çalışıram ki, ancaq Əbülfəz bəylə keçirdiyim xoş günləri, yaxşı sözləri, yaxşı əməlləri xatırlayım. Mənim təmsil olunduğum təşkilatın sədri, prezident olmuş bir adamın şəxsiyyətinin aşağı düşməsini heç arzulamaram”.
Səxavət HƏMİD