Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayevlə müsahibəni təqdim edirik.
- Rövşən müəllim, özünüzü futbol azarkeşi hesab edirsiniz?
- Mən gənclik illərindən futbola azarkeşlik edirəm. Hazırda Ağdamımızın “Qarabağ” futbol komandasına azarkeşlik edirəm. Çalışıram ki, bütün oyunlarını izləyim.
- Dünən gecə keçirilən “Qarabağ”-“Çelsi” oyununu izlədiniz?
- Bəli, izlədim. Mən istəməzdim ki, “Çelsi”yə belə böyük hesabla məğlub olaq. Lakin burada böyük qəbahət və problem də görmürəm. “Çelsi” ilə qarşılaşma bizim futbolçularımız üçün həm də bir təcrübə oldu. Düşünürəm ki, “Çelsi” ilə oyun qarşıda keçirəcəyimiz digər oyunlar üçün sınaq xarakteri daşıyacaq. Hesab edirəm ki, komandanın həm futbolçuları, həm də məşqçi heyəti bu haqda düşünəcəklər və “Qarabağ” Azərbaycan futbolu üçün böyük uğurlara imza atacaq. Mən futbolçularımıza Çempionlar Liqasındakı növbəti oyunlarında uğurlar arzu edirəm. Düşünürəm ki, “Qarabağ” bizim gözləntilərimizi doğruldacaq.
- Sosial şəbəkələrdə bəzi istifadəçilər “Çelsi”yə 6:0 uduzmağımızı ciddi tənqid edirlər. Xüsusilə qeyd olunur ki, 3:0 uduzmağımız daha anlaşılan olardı...
- Mən düşünürəm ki, indiki mərhələdə bizim hər birimiz komandanı dəstəkləməliyik. Əlbəttə, hesab 3:0 və ya 2:0 olsaydı, daha yaxşı olardı. Ancaq unutmaq olmaz ki, bizim futbolçular ilk dəfədir ki, belə yüksək səviyyəli liqada oynayırlar. Bəlkə də futbolçularımız üçün gözlənilməz oldu. Bəllidir ki, “Çelsi” dünyanın ən aparıcı klublarından biridir. Bəlkə də bizim uşaqlar kifayət qədər hazırlıqlı olmayıblar və ya “Çelsi”nin hücumları gözlənilməz olub. Mənə elə gəlir ki, bu gün “Qarabağ” komandası üçün tənqidlər hələ tezdir. Eyni zamanda hesab edirəm ki, komandanın oyunçuları və məşqçi heyəti öz məsuliyyətini dərk etməlidir.
- Bakıda keçiriləcək oyunlardan gözləntiniz nədir?
- Bakıda “Qarabağ”ın əsl oyununu görmək istəyirəm. Hansı ki, bu günə qədər biz komandanın əsl oyununu dəfələrlə görə bilmişik. Həm də nəzərə almaq lazımdır ki, “Qarabağ”a kifayət qədər dəstək var. Bakıda keçirilən oyunlarda da azarkeşlər komandanı kifayət qədər dəstəkləyəcək.
- Siyasi baxımdan belə oyunların əhəmiyyəti varmı?
- Böyük siyasətdən söhbət gedə bilməz. Ancaq Azərbaycanın işğal altında olan Ağdam şəhərinin futbol komandasının bütün dünyaya səs salması, bu haqda yazıların yazılması önəmli prosesdir. Bu baxımdan əhəmiyyətli hesab edirəm. Dünya mediası bu haqda yazır, məlumatlar verir. Bu bizim üçün əhəmiyyətlidir.