"Borussiya" (Dortmund) klubunun müdafiəçisi Mattias Qinter Avropa Liqasının qrup mərhələsinin III turunda "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Almaniya mətbuatına müsahibə verib.
- Oyunun əvvəllərində komanda sanki yuxuda idi. Bunun səbəbini nədə görürsən?
- Bilmirəm. Ümumilikdə səfərdə yaxşı oynadığımızı gördüm. İlk 10 dəqiqə ərzində rəqib iki 100 faizlik qol şansı yaratdı. Hesabda 0:2 geri düşə bilərdik. Buna heç bir bəhanəmiz yoxdur. Sadəcə, həmin anlarda müdafiədə etibarlı oynamalı idik. Xoşbəxtlikdən ələ düşən ilk fürsəti qola çevirdik. Bu, bizim üçün yaxşı oldu.
- "Qəbələ"nin belə təhlükəli hücumlar qurmasını nə ilə əlaqələndirərdin?
- Bəlkə də, bir qədər təəccübləndik. Təkbətək mübarizə yox idi. Rəqib sadə ötürmələrlə hücumlar təşkil etdi. Ancaq onu deyim ki, "Qəbələ" ötən mövsümlə müqayisədə indi daha güclüdür. Biz də yolumuza davam etmək istəyirik.
- İki həftə sonra "Qəbələ"yə evdə qalib gəlməklə növbəti mərhələyə vəsiqəni təmin edə bilərsiniz.
- Əlbəttə, biz qrupda birinciliyi mümkün qədər tez təmin etmək istəyirik. Bunun üçün iki həftə sonra "Qəbələ" ilə oyunda əlimizdən gələni edəcəyik. Ancaq ona qədər Bundesliqa və Almaniya kubokundakı oyunlarımızı qələbə ilə başa vurmalıyıq.