"Marafon təkcə idman rəqabəti deyil. Bu, Azərbaycan xalqının birliyini, gücünü nümayiş etdirir".
Teleqraf.com xəbər verir ki, bu fikirləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Report-a açıqlamasında deyib.
"Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2016"-ya qatılan təcrübəli mütəxəssis, belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal sayır:
"Ümumiyyətlə, son vaxtlar belə tədbirlərin keçirilməsi insanlarda, cəmiyyətdə birliyi artırır, böyük inam yaradır. Ona görə bu cür tədbirləri dəstəkləyirəm. Sağlamlıq, birlik, güc - bunların hamısı hər bir xalq üçün çox lazımdır. Düşünürəm ki, Azərbaycan xalqının ildən-ilə daha da bir, güclü olmağı bacardığı hiss olunur. Açığı, bugünkü marafona yalnız iştirak üçün gəlmişəm. İnşallah, növbəti yarışlara tam hazırlaşıb qaliblərdən biri olmağa çalışacağam".