Azərbaycan baş naziri Artur Rasizadə oktyabrın 14-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, baş nazir Artur Rasizadə Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə geniş əlaqələrin mövcud olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər mükəmməl hüquqi bazanın formalaşdığını qeyd edib. O, qarşılıqlı münasibətlərin müxtəlif sahələrdə olduğu kimi, siyasi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, qarşılıqlı səfərlərin təşkil olunması əlaqələrimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Baş naziri respublikamızın sosial–iqtisadi inkişafında mühüm rol oynayan prioritet istiqamətlərdən, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlardan da danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Artur Rasizadə bildirib ki, Pakistan hökuməti hər zaman Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib. O, Pakistan Senatının Xocalı qırğınını soyqırımı kimi tanımasının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu, bu günədək bir çox sahələri əhatə edən sənədlərin imzalandığını qeyd edib. O, gələcəkdə də iqtisadiyyat, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.